İlk üçlüyə İlon Mask, Ceff Bezos və Mark Zukerberq daxildir
2024-cü ildə dünyanın ən zəngin 500 adamının ümumi sərvəti 10 trilyon dolları keçib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu sərvət ölçüsünə görə Almaniya, Yaponiya və Avstraliyanın keçən il ümumi ÜDM-i ilə müqayisə edilə bilər.
İlk üçlüyə “Tesla” və “SpaceX”in sahibi İlon Mask, “Amazon”un qurucusu Ceff Bezos və “Meta”nın rəhbəri Mark Zukerberq daxildir. Onların ardınca “Oracle”ın həmtəsisçisi və keçmiş baş direktoru Larri Ellison və LVMH qrupunun təsisçisi və sədri Bernard Arnault gəlir.
Ən yaxşı səkkiz texnoloji menecer keçən il birlikdə 600 milyard dollar sərvət qazanıb ki, bu da 500 milyarderləri arasında 1,5 trilyon dollarlıq sərvət artımının 43 faizini təşkil edir.
Nəşr bildirir ki, statistika dünyanın ən varlı adamları siyahısında texnologiya sektorunun üstünlük təşkil etdiyini təsdiqləyir.
“Bloomberg” reytinqin əsas lideri kimi İlon Maskın adını çəkir. Agentlik qeyd edir ki, milyarderin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla yaxın münasibəti onun şirkətlərinin dəyərinin artmasına səbəb olub. Maskın sərvəti bir il ərzində 213 milyard dollar artaraq 442 milyard dolları ötüb. /ayna.az/