“Krokus teraktı”nın detalları açıldı – Türkiyə onlara hökm oxuyacaq


2024-cü il martın 24-də Moskvada “Krokus Siti Hall”a hücum həyata keçirən terrorçulara göstəriş verdiyi iddia edilən beş əcnəbi Türkiyədə mühakimə olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

İstanbul Baş Prokurorluğu ittiham aktında təqsirləndirilən şəxslər – Hofizjon Usmonov, Muteullo Asoyev, Rahmatullo Salikov, Muhammadrahim Faizov və Hamza Muhammedin “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 7,5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməsi istəyib.

Məlumata görə, onlar “Krokus”da terror aktını törədən Səidəkram Rəçabalızoda və Şəmsidin Fəriduni ilə əlaqə saxlayıblar. Faizov və Usmonov bir müddət Fəriduni ilə bir mənzildə olublar. Martın 28-də, Rusiyada törədilən terror aktından 4 gün sonra Faizov ailəsi ilə birlikdə İran vasitəsilə Əfqanıstana getmək istəsə də, İstanbul avtovağzalında saxlanılıb.

Asoyevin telefonunda yazışmalar tapılıb. Orada terrorçudan “Vegas ticarət mərkəzinə bomba yerləşdirmək” istənilib və bunun üçün 800 min rubl (əvvəlcədən 100 min, tamamlandıqdan sonra 700 min) vəd edilib. Həmin şəxs əvvəlcə “yox, qorxuram, tutularam” deyib, lakin cavabında ona “Bizim adam sizi Belarus sərhədinə aparacaq. Orada sizə yeni pasportlar, ev, həmçinin fəaliyyət planı verəcəyik” deyilib.

İddialara görə, adıçəkilən şəxslər İŞİD üzvləridir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ