Putin miqrantları qovur: aprelin 30-dək vaxt verilib


Rusiyada qanuni əsas olmadan qalan əcnəbilər 2025-ci il aprelin 30-dək ölkəni tərk etməlidirlər

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasında bəzi kateqoriyalar xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunun tənzimlənməsi üzrə müvəqqəti tədbirlər haqqında” fərman imzalayıb. Turkustan.az rus mediasına istinadən bildirir ki, fərmana əsasən, Rusiyada qanuni əsas olmadan qalan əcnəbilər 2025-ci il aprelin 30-dək ölkəni tərk etməlidirlər.

Rusiyada qalmaq istəyən miqrantlar gələn il aprelin 30-dək yaşayış yerlərini qanuniləşdirməlidirlər. Bu o deməkdir ki, onlar miqrasiya xidmətində qeydiyyatdan keçməli, biometrik və tibbi məlumatlarını təqdim etməli, rus dilini bilmələrini sübut etməli, müvəqqəti yaşamaq və işləmək icazəsi almalıdırlar. Onların heç bir borcu olmamalıdır və əvvəllər leqallaşdırılmasından imtina edilməməlidir.

Fərmanda ayrıca bənddə göstərilir ki, onun tələbləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və hərbi xidmətə qəbul olunmuş əcnəbilərə şamil edilmir.

Fərman əcnəbilərə, o cümlədən əmək miqrantlarına qarşı əvvəllər qəbul edilmiş daha sərt tədbirləri tamamlayır.

Qeyd edək ki, Putin avqust ayında miqrantlar üçün “qovma rejimi” haqqında fərman imzalayıb. /AYNA/


MANŞET XƏBƏRLƏRİ