BMT: Humanitar yardımların Qəzzaya çatmasının qarşısı alınır


İsrail Qəzzaya yardım göndərilməsinə imkan vermir.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Qəzzada səhiyyə və humanitar yardım kimi əsas xidmətlərin sistemli şəkildə məhv edildiyini və yardımların bölgəyə daxil olmasının qarşısı alındığını açıqladı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, Şimali Qəzzada yerləşən Kamal Advan Xəstəxanasının artıq xidmət göstərə bilmədiyini təsdiqləyib. Açıqlamada təxliyyə edilən 10 xəstənin İndoneziya Xəstəxanasına köçürüldüyü, lakin bu xəstəxananın da su, elektrik və gigiyena şərtlərinin olmaması səbəbindən xidmətdən çıxdığı bildirilib.

BMT-nin açıqlamasında Qəzzada böhranlı bölgələrə yardımların çatdırılmasının İsrail qüvvələri tərəfindən qarşısı alındığı bildirilib. BMT sözçüsü Florensiya Soto Nino-Martinez, oktyabr ayından bəri Şimali Qəzzaya planlaşdırılan 150-dən çox yardım cəhdinin rədd edildiyini açıqlayıb. Dekabrın 27-dən 29-a qədər planlaşdırılan dörd yardım missiyasından üçü bağlandı, yalnız bir missiya əsas tibbi ləvazimat, qida və su ilə təmin edə bildi. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyasının ofisi vurğuladı ki, humanitar yardım işçiləri ehtiyacı olanlara təhlükəsiz və maneəsiz çatmalıdır.

BMT bütün tərəfləri humanitar prinsiplərə hörmətlə yanaşmağa, mülki şəxslərin müdafiəsini və yardımın çatdırılmasının təhlükəsizliyini təmin etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ