Putinin əlaltısı Ramzan Kadırov çeçenlərə necə XƏYANƏT EDİB...


Çeçenistanın rəhbəri Ramzan Kadırov qalmaqallı imici ilə tez-tez gündəmdə olur. Bu günlərdə o yenə müzakirə mərkəzinə düşüb. Sosial şəbəkələrdə Kadırovu Azərbaycan təyyarəsinin Çeçenistan üzərində uçarkən vurulmasına görə ittiham ediblər və bu da onu özündən çıxarıb. Çeçenistan Respublikasına rəhbərlik edən şəxs azərbaycanlıları hədələyib.

Əslində ittiham səsləndirənlərin əsası var: Ramzan Kadırov özünün təhlükəsizlik şurasının katibi, bacısı oğlu Həmzət Kadırova 25 dekabr 2024-cü il tarixdə Çeçenistan üzərində bütün hava hədəflərini vurduğuna görə "Çeçenistan qarşısında xidmətlərinə görə" medalı verib. Həmin gün Çeçenistan səmasında vurulan hədəflərdən biri də Azərbaycana məxsus “Embraer 190” təyyarəsi idi. Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib. Bakı-Qroznı reysini yerinə yetirən həmin təyyarənin göyərtəsində isə ümumilikdə 67 mülki şəxs vardı.

Fakt ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Bu azmış kimi, Azərbaycan təyyarəsi radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb, onu Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə yönəldiblər.

Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərib? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Bütün suallara yəqin ki, təyyarənin “qara qutusu” cavab verəcək.

Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən Aktauya göndərilib, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək.

Rusiya tərəfi, o cümlədən Çeçenistan rəhbərliyi öz günahını etiraf etmək, vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək əvəzinə, məsələni ört-basdır etmək yolunu seçdi.

Bu təyyarə olayı başda Rusiya prezidenti Vladimir Putinlə olmaqla, Çeçenistan rəhbəri Ramzan Kadırovu ittiham etməyə əsas verir.

Ramzan Kadırov bütün dünyada Vladimir Putinin əlaltısı kimi “şöhrət” qazanıb.


O, Çeçenistanın ilk prezidenti olmuş Əhməd Kadırovun oğludur. Atasının ölümündən müəyyən müddət keçdikdən sonra Çeçenistan rəhbəri postuna gətirilib.

Ramzan Kadırov 5 oktyabr 1976-cı ildə Çeçenistanda anadan olub. Onun atası Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin – Rusiyanın tərəfinə keçib.

Əhməd Kadırovun öz xalqına xəyanəti bağışlanmayıb. Belə ki, 2004-cü ildə o, üsyançı çeçenlərin bombalı sui-qəsdi nəticəsində öldürülüb.

Ramzan Kadırov prezident Vladimir Putinin dəstəyi ilə 2007-ci ildən Çeçenistan Respublikasının rəhbəri postunda əyləşib.

Ramzan da atası Əhməd Kadırovla birlikdə Birinci Rusiya-Çeçen müharibəsində ruslara qarşı müqavimət göstərib, İkinci Rus-Çeçen müharibəsində isə rusların tərəfinə keçib. Bununla da o, atası kimi öz xalqını ruslara satan, ona xəyanət edən rəhbər imici qazanıb.

O vaxtdan bəri Rusiya liderinin qatı tərəfdarı rolunda çıxış edən Ramzan Kadırov 2004-cü ildə prezident Vladimir Putin tərəfindən “Rusiya Federasiyası Qəhrəmanı” adına layiq görülüb.


Ramzan Kadırov Medni Kadırova adlı qadınla evlidir. Bu cütlüyün 12 övladından 10-u (4 oğlan, 6 qız) doğma, 2-si götürülmədir. Ramzan Kadırov 2007-ci ildə kimsəsiz uşaq evindən iki uşağı rəsmi olaraq oğulluğa qəbul edib. Kadırov 7 dəfə sui-qəsdə məruz qalıb, amma hamısından sağ çıxıb.

R.Kadırov Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə sərt mövqe sərgiləyir. O dəfələrlə çıxışlarında çeçen döyüşçülərin sonadək vuruşacağını, lazım gələrsə, özünün də savaşa qatılacağını bəyan edib. Rusiyanın Ukraynada apardığı ədalətsiz müharibəsini dəstəkləyən və bu yöndə canfəşanlıq edən Kadırov dünya ictimaiyyətinin də qəzəbinə tuş gəlib. Hətta onun öldürülməsi barədə fikirlər də səsləndirilib.

Ukrayna Ali Radasının keçmiş deputatı Yevgen Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovu öldürən şəxsə pul mükafatı verəcəyini bildirib. Belə ki, Rıbçinski Kadırovu öldürəcək şəxsə ev və Kiyev yaxınlığında 40 sot torpaq söz verib. Bütün bunlara baxmayaraq, Kadırov Putinə dəstəyini davam etdirməkdə israrlıdır.

R.Kadırov, həmçinin Qrıznının “Terek” futbol klubunun prezidentidir. 2017-ci ildən komanda onun atasının şərəfinə “Axmat” adını daşıyır.

“Çeçenistan Rusiyada adi dünyəvi qanunların işləmədiyi bölgəyə dönüb. Muxtar respublika demək olar ki, Kadırov və klanının malikanəsinə çevrilib”.

Bunu bir müddət öncə Rusiyada korrupsiya faktlarının ifşa edilməsi üzrə tanınmış “Proyekt” saytı çeçen lider və ailəsi ilə bağlı yazmışdı. Yazıda Ramzan Kadırovun rəsmi qeydiyyatda sadəcə bir arvadının olmasına rəğmən, şəriətlə özünə 2 və ya 3 qadın aldığı bildirilib.

Ramzan Kadırovun sərvəti haqqında isə qeyd olunur ki, bu tükənməzdir...

Ramzan Kadırov bu gün sadə çeçenlər arasında öz xalqını böyük fəlakətə düçar edən adam kimi tanınır. Rusiyaya sədaqət andı içən Kadırov sadə xalq tərəfindən çoxdan sevilmir, əksinə ona nifrət edilir... /modern.az/


MANŞET XƏBƏRLƏRİ