Turkustan.az xəbər verir ki, Cəbəllütariq Hava Limanı dünyada təkrarolunmaz bir özəlliyə sahibdir. 6 kvadrat kilometrlik ərazidə yerləşən bu kiçik Britaniya ərazisi təkcə strateji mövqeyi ilə deyil, həm də qeyri-adi hava limanı ilə diqqət çəkir. Avropa ilə Afrika arasında ən yaxın keçid nöqtəsi olan Cəbəllütariq Boğazında yerləşən bu hava limanı, şəhərin gündəlik həyatının bir parçasıdır.
1939-cu ildə istifadəyə verilmiş və gündəlik maksimum 7 uçuşun həyata keçirildiyi bu hava limanı bir tərəfdən şəhərin əsas avtomobil yolunu ikiyə bölür. Hər dəfə bir təyyarə enəndə və ya havalananda yol üzərindəki işıqlar qırmızıya çevrilir, baryerlər bağlanır və bu yolda hərəkət təxminən 10 dəqiqəlik fasilələrlə dayanır. Gün ərzində bu dayanma ümumilikdə 2 saata yaxın çəkir. Yerli sakinlər üçün isə bu, artıq adi bir hal alıb.
Cəbəllütariq Hava Limanının uçuş zolağı 1850 metr uzunluğundadır. Bu zolağın 650 metri süni olaraq dənizin doldurulması ilə yaradılıb. Şəhərin sıxlığından və məhdud ərazidən dolayı uçuşlar şəhər mərkəzinin düz ortasından keçir. Dünyanın başqa heç bir yerində bu cür bir hava limanı mövcud deyil. Bu, Cəbəllütariqin həm təhlükəsizlik, həm də unikal şəhər planlaması baxımından diqqət çəkən bir xüsusiyyətidir.
1704-cü ildən Böyük Britaniya Krallığının nəzarətində olan və İspaniyanın cənubunda yerləşən bu kiçik ərazi, strateji əhəmiyyətinə görə tarixin müxtəlif dönəmlərində mübahisələrə səbəb olmuşdur. Musavat.com-un hazırladığı xəbərə görə, bu gün isə həm tarixi, həm də coğrafi xüsusiyyətləri ilə turistlər üçün maraqlı bir məkan sayılır.
Cəbəllütariq, öz qeyri-adi hava limanı ilə, sadəcə bir uçuş nöqtəsi deyil, eyni zamanda dünyanın maraqlı memarlıq nümunələrindən biridir. Həm təyyarələr, həm də avtomobillər üçün bir yol paylaşan bu şəhər, bəlkə də bir çox insanın təyyarələrə tam mənasıyla “yaxından baxdığı” yeganə yerdir. /Musavat.com/