Ali Avrasiya İqtisadi Şurasının keçirilən son iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yaşanan mübahisə ictimaiyyətdə maraqla qarşılanıb. Paşinyan Azərbaycanla münasibətləri yumşaltmaqdan danışır, amma Belarusa və xüsusən Lukaşenko ilə daim gərginlik yaşayır.
Bu düşmənçiliyin alt qatında nələr var?
Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Paşinyanın bu cür ikili yanaşma nümayiş etdirməsi paradoks olsa da reallığı əks etdirir:
“Nikol Paşinyan ölkəsinin və Azərbaycanın real vəziyyətini, eləcə də beynəlxalq durumu yaxşı bilir. Bu cür açıqlamaları verməklə Azərbaycana isti mesaj ötürmək istəyir. Bununla yanaşı Ermənistanı silahlandıran, ölkəmizə qarşı qaldırmağa çalışan qüvvələr var. Onların hərəkəti də prosesdə mühüm rol oynayır.
Nikol Paşinyan və Aleksanr Lukaşenko arasında söz oyunu var. Tez-tez belə düellolar olur. Bunlar da əslində beynəlxalq vəziyyətdən qaynaqlanır.
Vaxtilə Lukaşenko açıqlamalarında Ermənistanın heç kimə lazım olmadığını demişdi. Bunun ardınca da Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiyalar keçirib. Ümumiyyətlə, tərəflər arasında belə gərginliklərin tez-tez şahidi oluruq.
Ermənistanın Azərbaycana münasibətində də ikili yanaşmanın şahidi oluruq. Gah sülhdən danışırlar, gah da ordunu silahlandırırlar. Bu tendensiya sona çatmalıdır. Yekun sülh müqaviləsi imzalanmalıdır. Sülh olmazsa, müharibə də qaçılmaz görünür. İndiki halda Paşinyan sadəcə günlük siyasətin nəbzini tutmağa çalışır. Ermənistanın dövlət kimi uzun müddətli strategiyası yoxdur”.