Gürcüstanda Avropa İttifaqına üzvlük prosesi ilə bağlı danışıqların 4 il müddətinə təxirə salınması nəticəsində Aİ-yə üzv olmağın tərəfdarı olan Gürcüstan vətəndaşları yenidən küçələrə axışıb.
Turkustan.az xəbər verir ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra başlayan və hökumətin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırmasından sonra artan etirazlar paytaxt Tbilisidə hələ də davam edir.
Gün ərzində Tbilisinin müxtəlif küçələrində yürüş edən nümayişçilər, əvvəlki günlərdə olduğu kimi, gecə saatlarında da parlamentin qarşısına toplaşıblar.
Nümayişçilər binanın qarşısındakı Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayaraq, Gürcüstan və Avropa İttifaqının bayraqları daşıyıblar.
Nümayişçilər həmçinin hökumətə parlament seçkilərini yeniləmək çağırışlarını təkrarlayıblar.
Bu arada könüllülər də isti içkilər və yeməklər təklif edərək nümayişçilərə dəstək olublar.
Aytən Yaşar/ Turkustan.az