Gürcüstanda gərginlik səngimək bilmir. Ölkə Prezidenti Salome Zurbaişvilinin səlahiyyət müddətinin bitməsinə sayılı günlər qaldıqca daha radikal açıqlamalar verməyə başladı.
Hərbi ehtiyatda olan zabitlərlə Salomenin görüşü ayın 29-dan sonrakı hadisələrə hazırlıq kimi dəyərləndirilir. Bəzi ekspertlərin sözlərinə görə, həmin mərhələ olduqca təhlükəli olacaq. Hətta Fransa və digər Qərb dairələrinin Zurabişviliyə prezident kreslosunu buraxmağa icazə vermədiyi haqqında da fikirlər səsləndirilməkdədir.
Bildirilir ki, NATO-nun Gürcüstan ordusuna təsir imkanları var. Bu resursdan istifadə edib, ordunu dövlət çevrilişinə hazırlaya bilərlər. Bu, nə dərəcədə real görünür?
Gloalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, Gürcüstandakı siyasi vəziyyət fasilələrlə, uzun illərdir ki, kəskin formada daxili çəkişmələrlə davam etməkdədir:
“Hazırkı ab-hava da, əslində, Gürcüstanda formalaşdırılmaq istənilən hakimiyyət modelinin alınmadığı və Qərbin ölkədə dayaqlarının zəiflədilməsinin qarşısını almağa yönəldiyi üçün kənardan ciddi şəkildə dəstəklənir və daxili savaşa sürüklənir. Son aksiyalara bilavasitə səbəb isə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri, eləcə də Gürcüstan hökumətinin ardınca ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları təxirə salmaq qərarı olub.
Hazırda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası ilə səlahiyyət müddəti dekabrın 29-da başa çatacaq ölkə prezidenti Salome Zurabişvilinin dəstəkçiləri, yəni müxalifət qruplar arasında kəskinləşən siyasi vəziyyət səngimək bilmir”.
Elmir Səftərov
Siyasi şərhçinin sözlərinə görə, Salome Zurabişvili seçki prosesini etibarsız sayır və onun nəticələrini tanımaqdan imtina edir:
“O, seçkilərin yenidən keçirilməsini tələb edir. Halbuki Gürcüstan konstitusiyasına görə, ölkə prezidentinin parlament seçkilərini öz təşəbbüsü ilə təyin etmək hüququ yoxdur. Ciddi şəkildə kənardan dəstək alan Salome Zurabişvili faktiki olaraq xarici aktorların tapşırıqlarını Gürcüstanda tətbiq etməyə çalışır, özünün və Qərbin şəxsi maraqlarını üstün tutur.
Gürcüstanda yeni prezidentin seçilməsi fonunda səlahiyyətləri sona çatacaq Zurabişvili bu baxımdan da əlində olan son şansları istifadə etməyə çalışır, nəyin bahasına olursa olsun hazırkı hakimiyyəti etibarsızlaşdırmaq və xalq vasitəsilə devirmək istəyir.
Bütün variantlara əl atan müxalifət məqsədlərinə çatmadıqda isə Gürcüstanda dövlət çevrilişi etməyə hazırlaşan müəyyən qrupları dəstəkləməklə buna nail olmağa çalışa bilər. Amma düşünürəm ki, Gürcüstan hökuməti əvvəlki qarşıdurmalardan, daxili savaşlardan, aksiyalardan ciddi nəticələr çıxarıb və oxşar mənfi tendensiyaların baş verməsinə imkan verməyəcək.
Bu mənada, gürcü xalqı da sayıq olmalıdır. Çünki Gürcüstanda məqsədlərinə çatmayan qüvvələr donorlarının köməyi ilə hökumət dəyişikliyinə hazırlıqları davam etdirməyə çalışacaq. Onlar son şans kimi, aksiyalardan bir nəticə əldə etməsələr, əvvəlki illərdə olduğu kimi, dövlət çevrilişi cəhd etməyə cəhd edəcəklər”.