Macarıstanın Baş naziri Viktor Orbanın son açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, Avropa İttifaqının Ukrayna münaqişəsində uduzduğunu, Rusiyanın isə öz mövqeyini günü-gündən gücləndirdiyini bildirib.
Onun bu mövqeyi necə qiymətləndirilir? Hazıkı mənzərəyə baxdıqda doğrudan da Rusiyanın savaşı udduğunu görmək mümkünmü?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Orbanın dediklərində həqiqət payı kifayət qədər çoxdur:
“Avropa İttifaqı həqiqətən də Ukrayna-Rusiya savaşında uduzan tərəfdir. Təkcə ona görə yox ki, Aİ-nin müdafiə etdiyi Ukraynanın ərazisinin beşdə biri işğal altındadır. Həm də ona görə ki, bu müharibə səbəbi ilə Aİ ölkələrinin iqtisadiyyatı da xeyli zərər görüb. Silah və texnika potensialı zəifləyib. Rusiyanın ucuz enerji məhsullarından imtina etmək məcburiyyətində qalaraq daha baha qiymətlərə neft və qaz almaq məcburiyyətində qalıblar. Yəni başqa sözlə desək, həm silahları gedir, həm maliyyələri gedir və faktiki olaraq iqtisadi böhran keçirilər.
Bu baxımdan da müharibədə Ukrayna tərəfi ilə yanaşı Aİ-nin də uduzduğu ortadadır. Rusiyanı da qalib tərəf kimi təqdim etmək mümkün deyil. Çünki müharibə səbəbi ilə ölkə iqtisadiyyatına misli görülməmiş zərbə vurulub. Sanksiyalar səbəbi ilə xeyli iri müəssisələr öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar. Avropa ölkələrinin Rusiya neft və qazından imtinası səbəbi ilə indi Rusiya həmin enerji məhsullarının daha ucuz qiymətə Çin və Hindistana satmaq məcburiyyətində qalıb. Mən hələ Rusiyanın silah potensialının tükənməsi, İran və Şimali Koreya kimi ölkələrdən yardım almaq məcburiyyətində qalmasından danışmıram”.
Rəşad Bayramov
Politoloqun sözlərinə görə, bu müharibə nəticəsində NATO-nun Şərqə doğru genişlənməsi baş tutub:
“Finlandiya və İsveçin NATO üzvlüyünə qəbulu nəticəsində Rusiyanın NATO sərhədləri iki dəfə genişlənib. Digər bir məsələ isə Ukrayna bataqlığında ilişib qalmış Rusiyanın bu müharibə səbəbilə digər regionlarda mövqelərini itirməsidir. Ermənistanın üzünü Qərbə tutması, Suriyada mövqelərin zəifləməsi bunun bariz sübutudur.
Odur ki, indiki mərhələdə bu müharibənin bir qalibi var. O da ABŞ. Əvvəla, ABŞ NATO-nun genişlənməsinə nail oldu. İkincisi, Rusiya iqtisadiyyatını və hərbi gücünü zəiflətdi. Rusiyanın enerji məhsulları əvəzinə Avropaya öz məhsullarını baha qiymətə satmaqla da əlavə maliyyə imkanları əldə etdi. Ən vacibi isə Rusiya-Ukrayna müharibəsindən əvvəl ABŞ-ın çətiri altından çıxmağa cəhd göstərən Avropanı yenidən özündən asılı vəziyyətə salmağı bacardı”.