Türkiyədən İran və Rusiyaya mesaj: "Başqa şansımız yoxdur"


Suriyadakı müsbət dəyişiklikdən ən çox qazanan Türkiyə olacaq.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, millət vəkili Fuad Oqtay deyib.

Qurum rəhbəri Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə bağlı bir sıra məqamlara diqqət çəkib:

"Bu prosesin yaxınlaşdığı açıq-aşkar görünürdü. İran və Rusiya prizmasından baxdıqda, Rusiyanın Ukraynadakı mübarizəsi, son vaxtlar İran və "Hizbullah"ın meydanda yaşadığı məğlubiyyətlər və problemlər Suriya rejiminin daxildəki gücünü ciddi şəkildə zəiflətmişdi".

Onun sözlərinə görə, zəifləyən rejimin silahlı müxalifətlə savaşa girməsi öz sonunu gətirdi.

Oqtay vurğulayıb ki, Türkiyənin Suriyada baş verənlərə laqeyd yanaşması mümkün deyildi:

"Prezidentimiz bəyan eləmişdi ki, qonşumuzdakı yanğın mütləq bizə də sıçrayacaq. O insanlar kimyəvi silahlarla hücuma məruz qalarkən, bizim o insanlar yoxmuş kimi davranmağımız mümkün deyildi. Biz bu haqda hər yerdə danışırdıq, təəssüf ki, səsimiz eşidilmirdi. Oradakı terror təşkilatlarının nə etdikləri ilə bağlı açıqlamalarımıza da məhəl qoyulmadı. Çünki Suriyada xəritələrin dəyişdirilməsi, terror dövlətinin qurulması, uzunmüddətli perspektivdə İsrail ərazilərinin genişləndirilməsi kimi məsələlər Qərb dövlətlərinin gündəmində olduğu üçün, təəssüf ki, heç kim Türkiyənin bu çağırışlarına qulaq asmadı. İran və Rusiya da rejimlə hərəkət etdiyi üçün xəbərdarlıqlarımıza qulaqlarını tutdular. Əslində, bunu səmimiyyətlə ifadə edən Türkiyə idi. Burada vətəndaş müharibəsi və terrordan ən çox Türkiyə və qonşu ölkələr zərər çəkib. Başda Türkiyə olmaqla, bu ölkələr həll yolu tapmaq üçün səmimi səylər göstəriblər".

Millət vəkili əlavə edib ki, Suriyadakı yeni durumdan ən çox qazanan Türkiyə olacaq:

"Əlbəttə, İran və Rusiyanın planları mövcuddur. Türkiyənin də bölgə ilə bağlı fikirləri var. Terror təhlükəsinin tam aradan qaldırılması başda gəlir. Üç milyon suriyalıya ev sahibliyi edirik, onların öz ölkələrinə könüllü və təhlükəsiz qayıtmasını təmin etmək lazımdır. Bunun üçün bölgədə rifah və sülh qorunmalıdır. Bütün bunlara baxdıqda, Türkiyə ən böyük qazananlardan biri olacaq və olmalıdır. Başqa şansımız yoxdur"./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ