Ukrayna Rusiya qazının tranzitini dayandırır.
Turkustan.az xəbər verir ki, beş illik müqavilənin müddəti bitdiyi üçün Ukrayna 2025-ci il yanvarın 1-də səhər saat 7-də Rusiya qazının tranzitini dayandıracaq. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Ali Radada çıxışı zamanı bildirib.
Eyni zamanda, Şmıqal izah edib ki, Ukrayna qaz nəqli sistemi vasitəsilə tranzitin bərpası Avropa Komissiyasının tələbi ilə mümkün olacaq. Neftə gəlincə, baş nazirin sözlərinə görə, Ukrayna Avropa Enerji Xartiyasına uyğun olaraq Rusiya neftinin tranzitini davam etdirməyə məcburdur.
Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə əlaqədar Moldova və Dnestryanı hökumət ötən həftə fövqəladə vəziyyət elan edib. Moldova prezidenti Maya Sandu bildirib ki, respublikanın ehtiyacları üçün Ukrayna ilə qazın tədarükünün davam etdirilməsi ilə bağlı aparılan danışıqlar nəticə verməyib.
Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin birləşmiş birbaşa xətt və mətbuat konfransında deyib ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün mütləq yeni müqavilə olmayacaq, lakin bu Rusiya və Qazproma təsir etməyəcək. Putin qeyd edib ki, Ukrayna müqaviləni uzatmaqdan imtina edib, baxmayaraq ki, o, hər müqaviləyə görə ildə 700-800 milyon dollar alırdı.
Aytən Yaşar/ Turkustan.az