“Suriyada cərəyan edən proseslər, şübhəsiz ki, regional siyasi nizama və vəziyyətə təsir göstərir. Bir sıra amillər nəzərə çarpır, özünü daha qabarıq şəkildə büruzə verir”.
Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Suriyada baş verən son hadisələr fonunda Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Ankara və Moskvanın iş birliyi, əməkdaşlığı, iqtisadi əlaqələri və geosiyasi baxımdan eynilik təşkil edən yanaşmaları kifayət qədər maraqlıdır:
“İlk baxışdan Suriyada hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına təsir edən amil kimi qiymətləndirilirdi. Müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Colaninin açıqlamalarında da görünür ki, Rusiya hərbi bazasının iki nöqtədə qalması və Suriyanın ərazi bütövlüyü kontekstində Kremlin yanaşmaları kifayət qədər önəmlidir. Burada anti-Qərb siyasi xətti də özünü aydın şəkildə göstərir. Yaranmış vəziyyət Rusiya və Türkiyə arasındakı münasibətlərdə hər zaman vurğulanan rəqabət və strateji həmrəylik prizmasından qiymətləndirilməlidir.
Şübhəsiz ki, tarixən mövcud olmuş müharibələr, fikir ayrı-seçkilikləri, ziddiyyətlər bugünkü münasibətlərdə unudulmayıb. Lakin mövcud siyasi nizam hər iki dövlətin eyni rakursdan çıxışını təmin edib. Çünki qlobal inperializm, beynəlxalq şərtlərin diqtə olunması, dördüncü sənaye inqilabı, süni intelekt dövrü və sosial şəbəkələr tamamilə başqa reallıqlar formalaşdırıb”.
İlyas Hüseynov
İ.Hüseynov deyib ki, Rusiyanın Qərbə qarşı Ukraynada müharibəsi, digər tərəfdən kürdlərin Türkiyəyə qarşı qızışdırılması Moskva ilə Ankaranı yaxınlaşdıran və vahid mövqedən çıxış etməyə sövq edən amillərdir:
“Bu baxımdan oxşar yanaşmalar, bənzər geopolitik vizionun Suriya ərazisində daha da inkişafını görürük. Rusiya Prezidenti Vladimir Putinin səssizliyi də onu deməyə əsas verir ki, rəsmi Moskva həqiqətən də geopilitik dəyişiklikləri sadəcə izləyir. Yaxud da hər şey razılaşdırılıb, nəzarət altındadır və bu prosesin sonunu gözləmək lazımdır”.