Hələb, Latakiya, Həma və Homs şəhərlərində kütləvi yürüşlər təşkil olunub.
Turkustan.az xəbər verir ki, Suriya paytaxtında şəhərin tarixi hissəsində yerləşən Böyük Əməvi məscidində qılınan cümə namazından sonra kütləvi yürüşlər keçirilir. Əl-Cəzirə telekanalının məlumatına görə, yürüşlərdə 60 mindən çox insan iştirak edib.
Küçə etirazları məscidin özünün divarları yaxınlığında yeni hökuməti dəstəkləyən mitinqlə başladı, oradan izdihamlı nümayişçilər şəhərin müasir hissəsinə, tezliklə ictimai şənliklərin başlayacağı Əməvi meydanına doğru getdilər.
Telekanalın məlumatına görə, Hələb, Latakiya, Həma, Homs kimi iri şəhərlərdə və bütün əyalət mərkəzlərində kütləvi yürüşlər təşkil olunub.
Hərbi pencəyini ağ köynəklə əvəz edən Əl-Şaraa Suriya xalqını qələbə münasibətilə təbrik edib və vətəndaşları “bu münasibətlə sevinclərini ifadə etmək üçün meydanlara çıxmağa” çağırıb. Eyni zamanda, o, xüsusilə qeyd edib ki, bayramlar zamanı “insanları güllələmək və qorxutmaqdan” çəkinmək lazımdır.
Bundan əvvəl Suriyada hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa suriyalıları öz şəhərlərinin meydanlarına çıxmağa və “inqilabın qələbəsini” qeyd etməyə çağırıb. Müvafiq videomüraciət Hərbi Əməliyyatlar İdarəsinin teleqram kanalında yerləşdirilib.
Aytən Yaşar/ Turkustan.az