Növbəti cəfəngiyyat: Qərb niyə Rusiyaya qulaq asır?


Yaroslav Çernoqor: “Qərb rusların addımlarında bir növ rasionallıq görmək istəyir. Bunun üçün də bəzi müsahibələr vasitəsilə Kremli eşitməyə, dərk etməyə çalışır”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə yeni cəfəngiyyat danışıb. Xüsusən də Moskvanı ukraynalıların “müdafiəçisi” kimi təqdim etmək və Qərblə Rusiya arasında müharibə haqqında Rusiya təbliğatının tezislərini təkrarlamaqla bağlı cəfəngiyyatı deyirəm. Bu, təəccüblü deyil. Lavrovun dedikləri digər Rusiya dövlət xadimlərinin dediyi kimi, Kreml rejiminin ümumi təbliğatının bir hissəsidir. Ona görə də hamısı eyni ifadələri səsləndirirlər”. Bu sözləri "Ukrayna Prizması" Analitik Mərkəzinin Rusiya və Belarus studiyaları proqramının direktoru Yaroslav Çernoqor “unian.ua”da yazdığı analitik məqaləsində qeyd edib.

Analitik qeyd edib ki, bu gün Kremldəkilər hesab edir ki, hərbi baxımdan vəziyyət onlar üçün məqbuldur: “Yəni onlar uduzmurlar, hətta bəzi bölgələrdə uğurlu hücumları da var. Bəli, yüz minlərlə əsgərlərini itiriblər, amma Kreml elitası üçün bu, prinsipcə, xırda şeydir. Odur ki, Lavrovun verdiyi bəyanatlar Rusiyanın sülh danışıqlarında məna görmədiyinə işarədir. Yəni Rusiyanın son üç ildəki ultimatum dili dəyişməyib. Sual budur: Ukraynanın Qərb tərəfdaşları bunu başa düşürlərmi? Burada nəzərə almaq lazımdır ki, Rusiya rejimi avtoritardır, diktaturaya yaxındır. Amma kollektiv Qərb müxtəlif insanların, fərqli mövqelərin, fərqli fikirlərin konqlomeratıdır. Ona görə də “Qərb başa düşür” demək tamamilə doğru deyil”.

“Qərbdə kimsə başa düşür. Bəzi analitiklər buna diqqət yetirir, bəzi media orqanları bu haqda yazır... Bəs Rusiyanın təcavüzkar kimi neytrallaşdırılması əsas oyunçuların əsas siyasi xəttidirmi? Təəssüf ki, yox”, - deyə politoloq vurğulayıb.

Çernoqor qeyd edib ki, Qərb rusların addımlarında bir növ rasionallıq görmək istəyir: “Bunun üçün də bəzi müsahibələr vasitəsilə Kremli eşitməyə, dərk etməyə çalışır. Rusiya isə sadəcə olaraq bu Qərb plüralizmindən öz xeyrinə istifadə edir. Anlamaq lazımdır ki, Qərb məhkəmə mədəniyyətində hətta manyaklara da söz verilir. Biz görürük ki, Skandinaviya ölkələri və ya Baltikyanı ölkələr narahatdırlar, Rusiya təcavüzünü anlayırlar. Onlar Ukraynanı dəstəkləyirlər və öz ölkələri daxilində müəyyən tədbirlər görürlər. Amma ABŞ-da təəssüf ki, belə deyil. Eyni zamanda, ABŞ Rusiya təhlükəsini özünə qarşı ciddi qəbul etmir. Onlar ən böyük təhlükəni Çindən görürlər. Ona görə də Ukrayna ilə bağlı siyasət çox vaxt məhz Çin məsələsi, Yaxın Şərq məsələsi və Avropa məsələsi prizmasından baş verir”.

“Bizim səylərimiz Ukraynaya və ərazimizdəki müharibəyə həll tələb edən ayrı bir fenomen kimi baxılmasını təmin etməyə yönəlib: hərbi yardım vasitəsilə, silah tədarükü vasitəsilə, bəlkə də qoşunlar göndərilməsi ilə. Amma hələlik müttəfiqlərimizin Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı ciddi müzakirəsi yoxdur. Silahlara gəlincə, indi xoşbəxtlikdən daha çox texnika və silahlar gəlir”, - analitik vurğulayıb.

Politoloq əlavə edib ki, əslində Qərb dünyasının ən böyük problemi bütün ölkələri özləri kimi görmələrindədir: “Təəssüf ki, dünya tamamilə fərqlidir. Yəni onlar Rusiyanın nə olduğunu sadəcə başa düşə bilmirlər. Qərb üçün “bu, Rusiyaya sərfəli olmadığı üçün edə bilməz” fikri buradan qaynaqlanır. Onlar başqa cür düşünür və rasionallığı, iqtisadi məqsədəuyğunluğu hesablayırlar. Amma diktatura rejimlərinə bu düşüncələri aid etmək olmaz. Bu, müəyyən qədər siyasi savadsızlıqdır və Rusiya ilə yaxınlaşmaya gətirib çıxarır. Ona görə də, münaqişənin birtəhər öz-özünə bitəcəyi ümidi ilə sərt qərarları təxirə salmaq olmaz”. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ