ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifə səlahiyyətlərini icra etməyə başladıqdan sonra ilk iş kimi neft hasilatını artıracağını bildirib. Onun bu açıqlaması indidən dünya bazarında neftin qiymətlərinə təsir göstərib.
Ağ Evin yeni rəhbərinin bəyanatları və sonrasında yaranan vəziyyət neft hasilatı ilə məşğul olan ölkələri ciddi şəkildə narahat edib.
Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı İlham Şaban deyib ki, London birjasında hazırda neftin bir barrellinin qiyməti 71.52 dollardır:
“Əgər keçən həftənin sonuncu hərraclarına baxsaq, bu nəticənin yüksək olduğunu görərik. Ötən cümə günü ilk dəfə neft 71 dollar həddində satıldı. Donald Trampın dediklərinə gəldikdə isə o, əsasən yerli publika üçün pozitiv siqnallar göndərir.
Məsələ bundadır ki, ABŞ-da bir çox məshullar yanacağın bir qalon qiyməti ilə hesablanır. Daxili bazarda amerikalılar üçün yanacağın qiymətinin aşağı olması böyük əhəmiyyət kəsb edir. Çünki onlar digər ölkə vətəndaşlarından fərqli olaraq avtomobildən ən çox istifadə edən xalqdır. Qiymətin 10 sent fərq etməsi belə, onlar üçün böyük dəyişiklikdir.
İlham Şaban
Bütün şirkətlər, eyni zamanda enerji üzrə ixtisaslanan ölkələr, OPEC investisiya bankları gələn il üçün neft qiymətlərinin cari illə müqayisədə 5-6 dollar aşağı olacağını proqnozlaşdırırlar. 2025-ci ildə brend markalı neftin qiymətinin 75 dollar olacağı düşünülür. Müəyyən dövrlərdə bu qiymət aşağı ola bilər.
Tramp da gözəl bilir ki, respublikaçıları neft-qaz şirkətləri dəstəkləyir, ona görə qiymətlərin aşağı düşməməsi üçün nə isə edəcək”.
Politoloq Qabil Hüseynli isə deyib ki, ABŞ-ın neft hasilatını artırması dünya bazarında qiymətlərə təsir edəcək:
“ABŞ dünyanın ən çox neft rezervinə sahib ölkələrdəndir. Amma buna rəğmən neft satışı çox olmur. Yəni Vaşinqton daha çox daxili bazar üçün hasilat sərf edir. Əgər Ağ Ev nefti satmaq qərarına gəlibsə, bu, dünya bazarında qiymətlərə təsir edəcək.
Qabil Hüseynli
Qərardan xüsusilə daha çox neft hasilatçısı olan ölkələr zərər görə bilər. Çünki ABŞ kimi iri neft hasilatçısı ölkə bazara əlavə neft buraxırsa, bu məhsulun dəyərini öldürəcək”.