“Rusiya və İran Suriyada məğlub duruma düşdülər”.
Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a açıqlamasında Rusiya və İranın Suriyada məğlubiyyətinin səbəblərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Moskva və Tehran Yaxın Şərqdə son proseslər qarşısında aciz qaldılar:
“Əsəd rejiminin iki müdafiəçisi var idi- Rusiya və İran. Məhz bu iki dövlətin müdaxiləsi və dəstəyi nəticəsində Bəşər Əsəd öz hakimiyyətini qoruya bilib. Amma son zamanlar baş verən proseslər Yaxın Şərqin konfiqurasiyasını dəyişib. Rusiya və İran faktiki olaraq, bu prosesləri hazırlıqsız qarşıladılar. Hər iki ölkə çox ciddi problemlərlə üzləşiblər.
Son bir il ərzində İran hakimiyyəti İsrail-HƏMAS və İsrail-“Hizbullah”, o cümlədən özü də birbaşa İsrail ilə münaqişəyə cəlb olunub. Bu münaqişələrdə İran hakimiyyəti həqiqətən İsraildən çox ciddi zərbələr alıb. Tərəfindən himayə olunan proksi qüvvələr - “Hizbullah” və HƏMAS-ın mövqelərinin və rəhbər şəxslərinin əksəriyyəti sıradan çıxarılıb. Rusiya isə bütün diqqətini Ukrayndakı müharibətə yönəldib. Suriyadan son hadisələrdən öncə Moskva hərbi kontigentinin bir qismini ölkədən çıxarıb Ukraynaya göndərmişdi. Moskva həm Ukrayna ilə müharibəyə, həm də özünün müdafiəsinə diqqət ayırdığından Suriyadakı proseslərə müdaxilə edə bilmədi”.
Həmsöhbətimiz hesab edir ki, Suriyada Əsəd rejiminin devrilməsi ən çox İran hakimiyyətinin ağır məğlubiyyəti kimi də dəyərləndirilə bilər:
“Çünki 40 ilə yaxındır ki, İran hakimiyyəti Yaxın Şərqdə özünün proksi qüvvələrini yaratmaq üçün xeyli çaba göstərib və həmin qüvvələr vasitəsilə regionda öz maraqlarını həyata keçirməyə çalışıb. Təsadüfü deyil ki, Əsəd rejimini devirən qüvvələr Dəməşqdə ilk növbətə İranın səfirliyinə hücum edərək oranı dağıtdılar. Hər iki tərəf – Rusiya və İran Suriyada məğlub olub”.