Bəşər Əsədi devirən Əbu Məhəmməd Colani KİMDİR...


Suriyada 13 illik vətəndaş müharibəsinin sonunda Bəşər Əsəd rejimi devrildi. Noyabrın 27-dən üsyana qalxan “Heyət Təhrir əl-Şam” (HTŞ) müxalif silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatdı. HTŞ-nin dünən Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra prezident Bəşər Əsədin ailəsilə birgə ölkədən qaçdığı məlum oldu.

Beləliklə, Suriyada Bəəss partiyasının 61 illik qanlı hakimiyyəti sona çatdı.

Bəşər Əsədin Prezident Sarayı müxalif qüvvələr və ictimaiyyət tərəfindən talan edildi.

Əsədə nifrəti soyumayan Suriya xalqı hazırda da talanları davam etdiri.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsədlə birgə onun yüksək rütbəli heyəti də ölkədə qaçıb. Müdafiə naziri Əli Mahmud Abbas, daxili işlər naziri Məhəmməd Rəhmun, xarici işlər naziri Bessam Sabbağ və hakim Bəss partiyasının bir sıra yüksək rütbəli rəhbərləri də ortadan qeyb olublar.


Ölkəni tərk etməyən baş nazir Məhəmməd Qazi Əl-Cəlali hakimiyyəti rejimi devirən müxalifət qüvvələrinə təhvil vermək hər cür əməkdaşlığa hazır olduğunu bildirib.

Əsəd rejimini devirən “Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyət tam təhvil alınana qədər dövlət qurumları Suriyanın hazırkı baş naziri Məhəmməd Qazi Əl-Cəlali nəzarəti altında qalacaq.

Müxalif Koalisiyası da hakimiyyətin müvəqqəti idarəetmə orqanına ötürülməsini təmin etmək üçün işlərini davam etdirəcəyini açıqlayıb. Koalisiya Suriya hökumətini devirmək üçün mübarizə mərhələsindən Suriyanın birgə qurulması uğrunda mübarizə mərhələsinə keçdiyini bəyan edib.

Əsəd rejiminin devrilməsi ilə Suriya bayrağı da dəyişib. Müxalifət Əsədin istifadə etdiyi qırmızı-ağ-qara üçrəngli bayraqdan imtina edib, əvəzidnə müstəqillik dövründən qalan yaşıl-ağ-qara üçrəngli və üçulduzlu bayrağa üstünlük verilib.
Suriya Ərəb Respublikasının ilk bayrağı olan yaşıl-ağ-qara üçrəngli bayraq indi Suriyanın yeni bayrağı hesab olunur.


Suriyada Bəşər Əsəd rejimini devirən “Heyət Təhrir əl-Şam” (HTŞ) təşkilatının lideri Əbu Məhəmməd Colaninın adı hazırda dünya mediasının manşet yazılarında yer alır.

Onun lideri olduğu “Heyət Təhrir əl-Şam” sələfi cihadçı təşkilatıdır.

Təşkilat 2017-ci il yanvarın 28-də bir neçə qrupun birləşməsi nəticəsində yaranıb. Bu qruplara “Cəbhə Fəth əl-Şam” (əvvəllər “ən-Nusra Cəbhəsi” kimi tanınırdı), “Ənsaruddin Cəbhəsi”, “Ceyş əl-Sünnə”, “Liva Əl-Haq” və Nurəddin Zengi Hərəkatı” daxildir.

HTŞ ABŞ, Kanada, Türkiyə və Böyük Britaniya da daxil olmaqla bir çox ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınıb. Təşkilatın mənşəyi “Əl-Qaidə” ilə əlaqələndirilir, lakin HTS özünü müstəqil bir struktur kimi təqdim edir.

ABŞ HTŞ-ni 2017-ci ilin martında, Türkiyə isə 2018-ci ilin avqustunda terror təşkilatı kimi tanıyıb.

HTŞ-nin özəyini “Əl-Qaidə” ilə əlaqəli “ən-Nusra Cəbhəsi” təşkil edir və bu mənsubiyyət təşkilatın terror təşkilatı kimi tanınması üçün əsas hesab olunur.

İddialara görə, onun yaradılmasında vaxtilə İŞİD lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.


“Heyət Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colaninin 1979-cu ildə Suriyada doğulduğu bildirilir. Məlumatlara görə, Colani ixtisasca ərəb dili müəllimidir.

Colani 2003-cü ildən sonrakı dönəmdə İraqdakı silahlı qrupların tərkibində Amerika qoşunlarına qarşı vuruşub. 2006-cı ildəki döyüşlərin birində onun ABŞ ordusuna əsir düşdüyü, sonradan isə əsirlikdən qaçdığı barədə məlumatlar var.

ABŞ-ın əsirlikdən qaça bilən Colaninin tutulması üçün 10 milyon dollar mükafat vəd edib. Maraqlıdır ki, bu mükafat hələ də qüvvəsində qalır.


MANŞET XƏBƏRLƏRİ