“Baş verənlər Makron üçün sonun başlanğıcıdır” - Elçin Xalidbəyli


Fransada Barnye hökumətinin devrilməsindən sonra Emmanuel Makronun da istefası tələb edilir. Ölkədə artan sosial-iqtisadi böhran, xarici siyasətdə mövqelərin itirilməsi və parlamentdə güc balansının zəifləməsi onun hakimiyyətini daha da təzyiq altına salır. Makron istefaya gedə bilərmi? Beşinci respublikanı bundan sonra nə gözləyir?

Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran politoloq Elçin Xalidbəyli bildirib ki, Makronun istefaya getmə ehtimalı getdikcə daha çox artır:

“Çünki Makron hakimiyyətə gəldikdən sonra Fransa dünyadakı nüfuzunu itirməyə başladı, mövqelərini əldən verdi. Eyni zamanda Fransa Afrikadan qovulmağa başladı. Bununla yanaşı, Fransanın daxilində həm sosial-iqtisadi, həm də siyasi böhran dərinləşdi. Ona görə də, hazırda Fransa cəmiyyətində Makron hakimiyyətinə qarşı ciddi etiraz dalğası mövcuddur. Hökumətin istefaya göndərilməsi də, əslində, Makrona olan etiraz dalğasının nəticəsidir. Onu da nəzərə almaq lazımdır ki, o, bir prezident olaraq Fransa parlamenti tərəfindən haqqında irəli sürülmüş impiçment tələbinin müzakirəyə qəbul olunduğu bir prezidentdir. Bu, Fransa tarixində çox nadir görülən hadisədir. Bütün bunlar onu göstərir ki, artıq Makron üçün sonun başlanğıcı artıq başlayıb. Bir müddət sonra təzyiqlər və etiraz dalğası elə bir həddə çata bilər ki, Makron öz prezidentlik müddətini sona çatdırmadan istefa vermək məcburiyyətində qala bilər”.

Politoloqun sözlərinə görə, Makronun siyasi komandası son iki önəmli seçkini uduzub:

“Birincisi, Avropa Parlamentinə olan seçkilərdir. İkincisi, Fransa Parlamentinə olan seçkilərdə də Makronun partiyası məğlubiyyətə uğradı. Hətta onun yaxın gələcəkdə "topal ördəyə" çevrilmə ehtimalı da var. Çünki artıq parlamentə nəzarəti itirmək üzrədir. Bütün bunları nəzərə aldıqda Makronun hakimiyyətdən getməyi real görünür. Onun prezidentlik müddətini başa vuracağı ciddi şübhələr doğurur”.


MANŞET XƏBƏRLƏRİ