“İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərbə vurur”.
Turkustan.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, simvolik deyil, olduqca praktiki zərərdir.
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığı bəzi beynəlxalq hüquqi normaların möhkəmləndirilməsinə kömək edə bilsə idi, o zaman bunu müəyyən mənada başa düşmək və hətta alqışlamaq olardı. Lakin bu “psevdoməhkəmə”nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir”, - deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, ötən il Ermənistan Roma statutunu ratifikasiya edib və cari ilin fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvüdür. Ölkə Roma statutuna qoşulan 124-cü dövlət olub. Bununla da, Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar Ermənistan tərəfindən də icra olunmalıdır.
İrəvan ilk olaraq bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Belə ki, BCM ötən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır. /bakupost.az/