Papikyan niyə ABŞ-a getdi? – Rusiya diqqətlə izləyir


Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfər edib. Ümumiyyətlə, Ermənistanın müdafiə nazirlərinin hər il Vaşinqtona çağrılmaları ənənə halını alıb.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, Papikyan 2022-ci ildə ABŞ-da səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməmişdi:

“Papikyanı həmin il Ostinin müavini Kal qəbul etmişdi. İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edirlər. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-a gedərək burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dan hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib”.

Ekspertin sözlərinə görə, Suren Papikyanın ABŞ-a budəfəki səfərinin əhəmiyyəti azdır:

“Çünki Suren Papikyanın Pentaqonda görüşdüyü şəxslər ay yarımdam sonra vəzifələri ilə sağollaşacaqlar. Əgər Suren Papkiyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir.

Kreml Suren Papikyanın Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Suren Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ