Türkiyə Suriyada baş verən qarşıdurmalardan kənardadır. “Heyət Təhrir əş-Şam”ı uzaqdan tanıyırıq, özbaşına hərəkət edirlər, onlara məsləhət verənlər ola bilər.
Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin Milli Müdafiə Komitəsinin sədri, keçmiş müdafiə naziri Hulusi Akar Suriyada baş verənləri şərh edərkən deyib.
“Ukrayna müharibəsi ilə əlaqədar Rusiyada yorğunluq və passivlik hökm sürür. Rejim əleyhdarı qruplar passivlikdən istifadə edirlər. Böyük dövlətlər tapdıqları vasitələrdən yararlanırlar. PKK/YPG-nin nə olduğu bizə aydındır. Çox diqqətli davranmalı və lazımi təhlükəsizlik tədbirləri görməliyik. Xarici İşlər Nazirliyimiz hadisələri nəzarətdə saxlayır. Ən ciddi sual budur: onlar (Bəşər Əsəd əleyhdarları) ələ keçirdikləri bölgələri möhkəm saxlaya biləcəklərmi?”, - komitə sədri bildirib.
Akar Suriya lideri Bəşər Əsədlə bağlı bəzi məqamlara da toxunub:
“Əsədin atacağı addımlar olacaq. Deyəsən, hələ tədbir görməyib. Bu hərəkatla bağlı ən böyük həssaslıq Rusiya və rejimin hava qüvvələri ilə əlaqəlidir. Bunları yaxından izləmək və boşluqlara yol verməmək vacibdir. Əsəd vaxtında bizimlə əməkdaşlıq etsəydi, bu yerə gəlib çıxmazdı”.
Keçmiş müdafiə naziri Türkiyənin Suriyaya qarşı ərazi iddiasının olmadığını xatırladıb:
“Bizim heç kimin torpağında gözümüz yoxdur, biz yeni qaçqınlar istəmirik. Bunu onlara söyləmişik. Bu durumda münasibətlər daha da çətinləşir. Rusiya və İrana etimadsızlıq artıb. Çoxşaxəli hadisələr baş verir. Bunun yalnız “Heyət Təhrir əş-Şamdan” qaynaqlandığını söyləmək mümkün deyil. Kimin qalib, kimin məğlub olduğuna baxmaq lazımdır. Rusiya, İran, Suriya uduzur. Bizim işimiz öz təhlükəsizliyimizdir. Heç bir güzəştə getməmək və heç bir boşluq buraxmamaq lazımdır. Nə olur-olsun, bizim məsələmiz sərhədlərimizdir”./teleqraf.com