“Müharibənin dondurulmasına bu şərtlərlə razıyıq...” – Zelenksi Avropa İttifaqı və NATO zəmanəti tələb edir


NATO və Avropa İttifaqının nümayəndələri Rusiya ilə mümkün danışıqlarda iştirak etməlidir.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenksi Kiyevə rəsmi səfərə gələn Avropa Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında deyib.

“Danışıqlar masasında Rusiya, Ukrayna və dediyim kimi, Avropa Birliyi və NATO oturacaq, çünki biz özümüzü bu birliklərdə təhlükəsizlik sisteminin bir parçası görürük və bu formatda nə ilə razılaşa biləcəyimizi anlayıram”, - o əlavə edib.

Ukrayna rəhbəri vurğulayıb ki, o, “Ukrayna üçün güclü mövqe” olmadan müharibənin dondurulmasının əleyhinədir, çünki onun fikrincə, əks halda Putin bir neçə ildən sonra yenidən qayıdacaq və Ukraynanı tamamilə məhv edəcək. “Güclü mövqe” dedikdə, Zelenski NATO və Avropa İttifaqından təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur.

Ukrayna Prezidenti bir daha bəyan edib ki, Kiyev heç vaxt onun ərazilərinin Rusiya tərəfindən işğalını hüquqi cəhətdən tanımayacaq. “Bunlar bizim torpaqlarımızdır, Ukraynanın müvəqqəti işğal olunmuş hissələridir, mən çox istərdim ki, diplomatik yolla geri qayıtsın”.

Ukrayna və Rusiya arasında mümkün danışıqlar mövzusu dünya siyasi dairələrində və mediada getdikcə daha çox müzakirə olunur. Kreml bəyan edir ki o, sülh danışıqlarına hazırdır, ancaq öz şərtləri ilə, bura Ukraynanın beş regionunun, hətta hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissələrinin də Rusiyaya verilməsi daxildir. Kiyevdə bu şərtlər tamamilə qəbuledilməz hesab olunur. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ