Rusiya Prezidenti Vladimir Putinin Qərbə açıq təhdidləri fonunda dünyada nüvə müharibəsi təhlükəsi ilə bağlı müzakirələr yenidən qızışıb. Bu kontekstdə Avropa və ABŞ-da Ukraynaya nüvə statusunun qaytarılmasının mümkünlüyündən danışırlar.
Turkustan.az xəbər verir ki, bu barədə “Newsweek” yazır.
“Rusiya nüvə doktrinasını yeniləyib. Ardınca Putin bildirib ki, təcavüz durumunda, o cümlədən düşmən adi silahlarla belə istifadə edərək kritik təhlükə yaradarsa, Rusiya nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”, - deyə nəşr qeyd edir.
Bununla belə, ABŞ rəsmiləri Ukraynaya nüvə silahı ötürmək niyyəti ilə bağlı iddiaları rədd ediblər.
“Biz Ukraynanı nüvə ilə silahlandırmağı planlaşdırmırıq”, - Ağ evdən “Newsweek”ə belə deyilib.
Britaniya Parlamentinin Müdafiə Komitəsinin məsləhətçisi Nikolas Drummond ABŞ-ın Ukraynanı nüvə dövləti statusuna qaytarmasını təklif edib. Onun fikrincə, belə bir müqavilə gizli şəkildə bağlana bilər.
“Kiyev bundan sonra Rusiyaya belə bir xəbərdarlıq edə bilər: Bizim nüvə silahımız var, hücum etsəniz, Moskvanı bombalayacağıq”, - Drummond belə söyləyib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bundan öncə bu cür addımın dəhşətli nəticələri barədə xəbərdarlıq edib. Onun fikrincə, bu, Rusiyaya müharibə elanı kimi qiymətləndiriləcək. /teleqraf.com/