Mənbələr Ağ Evin gələcək strategiyasının Ukrayna ilə bağlı nə olacağını söyləmək üçün hələ tez olduğunu bildiriblər
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası Moskva və Kiyev arasında sülh danışıqları zamanı atəşkəsdə israr etmək niyyətindədir. Turkustan.az xəbər verir ki, bu barədə iki məlumatlı mənbə CNN-ə bildirib.
Eyni zamanda, onlar Ağ Ev administrasiyasının gələcək strategiyasının Ukrayna ilə bağlı nə olacağını söyləmək üçün hələ tez olduğunu bildiriblər.
Bununla belə, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts seçimi hərbi əməliyyatlara son qoymaq üçün bir sıra təşəbbüsləri, o cümlədən Trampın Ukraynadakı münaqişənin həlli üzrə xüsusi nümayəndə seçdiyi Keyt Kelloqun təklifini araşdırır.
Kelloq planında Ukraynanın yalnız danışıqlar başlayacağı təqdirdə ABŞ-dan hərbi yardım alacağı, dinc dialoqdan imtina edəcəyi təqdirdə Moskvaya Kiyevə dəstəyinin artırılması ilə bağlı xəbərdarlıq ediləcəyi nəzərdə tutulur. Eyni zamanda, Kelloqun fikrincə, atəşkəs “üstün cəbhə xəttləri” əsasında əldə edilməlidir və “Rusiyanı danışıqlar masasına oturtmaq” üçün Ukraynanın NATO-ya daxil olması gecikdirilməlidir.
Uolts eyni zamanda, ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qrenellin təklifini nəzərdən keçirir. O, Ukrayna daxilində “muxtar regionlar” yaradılmasının tərəfdarıdır, baxmayaraq ki, bunun praktikada necə olacağını izah etmir.
Uoltsun nəzərdən keçirdiyi başqa bir fikir də ondan ibarətdir ki, Ukrayna NATO-ya üzvlük müqabilində nəzarəti altında olan əraziləri Rusiyaya verəcək. Bununla belə, CNN mənbələrinə görə, Trampın ətrafında çox az adam Kiyevin Alyansa dəvətini dəstəkləyir.
Noyabrın 24-də Uolts bildirib ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən dərhal sonra Ukraynadakı hərbi münaqişə ilə məşğul olacaq. Onun sözlərinə görə, Vaşinqton əvvəlcə tərəfləri danışıqlar masasına necə gətirəcəyini və sülh sazişinin parametrlərinin nədən ibarət olacağını müzakirə edəcək.
Rusiya Prezidenti Vladimir Putin iyun ayında atəşkəs və danışıqlara başlamaq üçün şərtlərini açıqlamışdı. O, Ukraynadan qoşunlarını Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən çıxarmağı, bu bölgələri və Krımı Rusiya ərazisi kimi tanımağı, NATO-ya üzv olmaqdan imtina etməyi və özünün nüvəsiz statusunu təsdiq etməyi tələb edib. Qərb də öz növbəsində Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməlidir.
Ukrayna Prezidenti Volodimir Zelenski bunu növbəti ultimatum adlandırıb və müzakirə etməkdən imtina edib. O, Rusiya qoşunlarının 1991-ci il Ukrayna sərhədlərindən kənara çıxarılmasını nəzərdə tutan öz “sülh formulunda” israr edir. Moskva belə şərtlərlə danışıqlardan imtina edir. Eyni zamanda, həm Kiyev, həm də Moskva münaqişənin dondurulmasının əleyhinədir. /AYNA/