Putin bu ölkəni pay-püş edir: Vaşinqton və Varşava plana şərikdir?


Almaniyanın “Bild” qəzetinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaydığı məlumat sensasiya doğurub. Nəşr bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı 3 yerə bölmək planı var. Qəzet yazır ki, Rusiya prezidenti plan haqda Donald Trampa məlumat verəcək. Bəzi iddialara görə, əslində ABŞ və Aİ də Ukrayna kimi ərazisi və əhalisi böyük olan bir ölkənin bölünməsində maraqlıdır.

Bəs ABŞ-ın yeni prezidenti bu plana necə reaksiya verə bilər? Ukraynanı bölmək, bir hissəsini Rusiyaya birləşdirmək mümkün olacaqmı?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Ukraynaya ərazi iddiaları vaxtilə Polşadan da olub:

“Bu gün Polşa Ukraynaya daha çox dəstək verən ölkə olsa da 10 il öncəyə qədər sözügedən məsələ daim gündəmə gətirilirdi. Çünki 1939-cu ilə qədər Ukraynanın qərb torpaqlarının böyük hissəsi Polşaya aid olub. Onlar Rusiya-Ukrayna müharibəsində bunu dilə gətirməsələr də əvvəllər tez-tez müzakirə mövzusu idi. İstisna deyil ki, hadisələrin inkişafında belə bir plan işə düşsün. Ukraynanın tamamilə bölünməsi, Polşanın timsalında Qərbin Kiyev ərazilərinə iddiasının olması xəbərləri daha çox Rusiya mediasının yaydığı təbliğat xarakterlidir. Məqsəd Ukrayna ictimai rəyini Qərbə qarşı formalaşdırmaqdan ibarətdir”.

Asif Nərimanlı

Politoloqun sözlərinə görə, “Bild”in bu informasiyası Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verə biləcək hadisələri qabaqlamaq üçün ictimai rəy yaratmaq məqsədi daşıyır:

“Trampın hakimiyyətə gəlişi ilə Ukrayna məsələsinin Rusiyanın istəkləri çərçivəsində həll edilməsinə ümidlər var. Kreml üçün ən pis ssenari isə münaqişənin dondurulmuş mərhələyə keçməsidir. Bu belə Rusiyaya sərf edir. Respublikaçıların mövqeyi bu gözləntiləri artırır”.


MANŞET XƏBƏRLƏRİ