Saakaşvili: “Gürcüstana Rusiya tipli Mərkəzi Asiya diktaturası gəlib”


“Geri çəkilməyə yer yoxdur, biz Vətənimizi praktiki olaraq itirmişik”

“Gürcüstanda “qırmızı xətlər” pozulub və ölkəyə Rusiya tipli Mərkəzi Asiya diktaturası gəlib”. Turkustan.az gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezident Mixail Saakaşvili “Facebook” sosial şəbəkə hesabında yazıb.

“Seçkilərin pulunu ödəmiş diktator olan bu adam hər şeyə qadirdir. Siz hansı Avropadan danışırsınız?!” – deyə Saakaşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvili haqqında danışarkən deyib.

Sabiq prezident müxalifət tərəfdarlarına müraciət edərək yazıb: “Geri çəkilməyə yer yoxdur, biz Vətənimizi praktiki olaraq itirmişik”.

Saakaşvili hesab edir ki, Vahid Milli Hərəkat Partiyasının doqquz illik hakimiyyəti “Gürcüstanın qızıl dövrü olub” və buna görə o və bütün ölkə “hələ də cəzalandırılır”.

“Birlik, hücum və yenidən hücum lazımdır... Biz birlikdə axını döndərəcəyik və yenidən azad və uğurlu ölkə olacağıq”, Saakaşviliyə çağırış edib. /AYNA/


MANŞET XƏBƏRLƏRİ