Putin 130 min əsgərlə bu əraziyə hücuma hazırlaşır


“Rusiya cəbhədən 30 km aralıda yerləşən Zaporojye şəhərinə “cəsarətli” hücuma hazırlaşır”.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna kəşfiyyat rəsmiləri “The Economist”-ə bildiriblər.

Onların sözlərinə görə, əməliyyatın başlanmasının dəqiq vaxtı məlum deyil, lakin Rusiya ordusunun buna 130 minə qədər əsgəri cəlb edəcəyi gözlənilir.

Zaporojyenin ələ keçirilməsi Rusiya Prezidenti Vladimir Putin üçün son dərəcə vacibdir. “The Economist” qeyd edir ki, 2022-ci ilin sentyabrında o, bütün Zaporojye vilayətinin ilhaqını elan edib:

“Amma o vaxt Rusiya ordusu bölgənin yalnız üçdə birinə nəzarət edirdi”.

Eyni zamanda, Zaporojye Ukrayna üçün strateji əhəmiyyət kəsb edir. Nəşr yazır ki, bu, Ukraynanın bir dövlət kimi yaşaması üçün mühüm əhəmiyyət kəsb edən ölkədə ağır sənayenin qalan üç mərkəzindən biridir.

Zaporojyeyə mümkün hücum başlamazdan əvvəl Rusiya şəhəri kütləvi şəkildə atəşə tutur. Son iki ayda Rusiya raketləri və sürüşmə bombaları Zaporojyedə 1500 evi dağıdıb. Daim eşidilən partlayış səsləri ilə cəbhə xətti də canlanıb.

Eyni zamanda, bəzi Ukrayna hərbçiləri hesab edirlər ki, Rusiya hələ Zaporojye yaxınlığında hücuma keçə bilməz.

Polkovnik Aleksey Xilçenko deyir ki, şəhərə hücumun ilk mərhələsində iki diviziyadan (20-30 min əsgər) istifadə etmək planlaşdırılırdı, lakin onların yarısı Ukrayna ordusunu işğal olunmuş mövqelərdən çıxarmağa çalışmaq üçün Kurska göndərilməli idi.

Ukrayna Silahlı Qüvvələrinin 118-ci briqadasının batalyon komandiri "Onlar hələ zərbə vurmağa hazır deyillər, lakin hazır olduqda, ilk zərbə ən ağır olacaq",-deyib.

“The Economist” yazır ki, Rusiya ordusunun qarşıdan gələn hücumuna hazırlıq çərçivəsində Ukrayna Silahlı Qüvvələri Zaporojye ətrafında müdafiə xətləri qurur. Beton və dəmirdən hazırlanmış mühəndis maneələri və konstruksiyaları ilə yanaşı, onlara mina sahələri də daxildir.

Bu arada Rusiya ordusu Donetsk bölgəsində irəliləməyə davam edir. Noyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski qeyd edib ki, bu, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ən güclü hücumlardan biridir.

OSINT-nin “WarMapper” layihəsinə görə, oktyabrda Rusiya qoşunları 538,8 kvadratmetr ərazini işğal ediblər. Həmçinin, əks-hücum zamanı Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əvvəllər işğal etdiyi ərazilərin 40%-dən çoxunu geri qaytarıb. Bunu isə Ukrayna Baş Qərargahındakı mənbə “Reuters” agentliyinə bildirib. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ