Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi cümə axşamı İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsində hərbi və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə İsrail Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib. Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell Beynəlxalq Cinayət Məhkəməsinin qərarının icrasını məcburi hesab edir. Bəs Netanyahunun həbs mümkündürmü? Bu, necə baş verə bilər?
Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran politoloq Vüqar Zifəroğlu bildirib ki, bu, Avropa Cinayət Məhkəməsinə üzv olan ölkələrin həmin qərarla nə qədər razılaşdığından asılıdır:
“Xüsusilə vurğulamaq istəyirəm ki, həm Tramp, həm Bayden administrasiyasında təmsil olunanlar birmənalı şəkildə bu qərara etirazlarını bildirdilər. Hətta arallarında kifayət qədər sərt açıqlamalar verənlər də var idi. Bu onu deməyə əsas verir ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarıyla razılaşmır. Hətta Tramp administrasiyasının təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts bildirib ki, yanvarın 20-dən sonra cavabın nə olacağını hamınız görəcəksiniz”.
Politiloq bildirib ki, digər maraqlı məqam isə Avropa Birliyinə daxil olan ölkələrin reaksiyalarıdır:
“Xatırladım ki, dünən Beynəlxalq Cinayətlər Məhkəməsinin qərarından sonra ard-arda Avropanın bir çox aparıcı ölkələrinin rəsmilərinin məsələyə münasibət bildirən açıqlamaları oldu. Onlar bildirdilər ki, biz bu qərarı nəzərə alırıq, Netanyahu və Qallant bizim ölkəyə səfər etsə, onları həbs edəcəyik".
V.Zifəroğlu qeyd edib ki, Avropa Birliyinə daxil olan bəzi ölkələr isə bu qərara etiraz etdilər:
“Məsələn, Macarıstanın baş naziri Viktor Orbanın açıqlamasını xüsusilə vurğulamaq istəyərəm. Hətta Orban Cinayət Məhkəməsinin bu qərarına etiraz olaraq Netanyahunu Macarıstana qonaq dəvət etdi və həbs etməyəcəyinə dair söz verdi”.
Onun sözlərinə görə, bütün bunlar çox ciddi qütbləşmənin olduğunu göstərir:
“Hazırda Yaxın Şərqdə baş verən proseslər ABŞ ilə Avropanın bir çox məsələlərdə ciddi fikir ayrılıqlarında olmasını çılpaq şəkildə göstərir. Bu da ondan irəli gəlir ki, ABŞ son 3 ildə Yaxın Şərq strategiyasını dəyişdi və Avropa ölkələrinin Yaxın Şərqdən sıxışdırılıb çıxarılmasına start verildi. Əslində, biz burada bir qütbləşmənin şahidi oluruq. Bu isə növbəti mərhələlərdə daha ciddi və maraqlı proseslərin şahidi olacağımızı göstərir”.