Rusiyanın hakim elitası üçün “ölüm”: "Ucuz lotu söhbəti”


Rusiya ilə NATO arasında nüvə müharibəsinin baş vermə ehtimalı özünü doğrulda bilər.

ABŞ Prezidenti Co Baydenin Ukraynaya ABŞ-nin ATACMS uzaqmənzilli raketlərindən Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbə endirməsinə məhdudiyyəti aradan qaldırdıqdan sonra Prezident Vladimir Putin nüvə silahının istifadəsi ilə bağlı yenilənmiş doktrinanın təsdiqi haqqında fərman imzalayıb. Doktrinada qeyd olunur ki, Rusiya Federasiyası nüvə silahından istifadəni ifrat tədbir kimi qiymətləndirir və həmişə məsuliyyətli mövqe tutur, nüvə təhlükəsinin azaldılması üçün səylər göstərir.

Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, Ukrayna silahlı qüvvələri gecə saatlarında Bryansk vilayətindəki hərbi obyektə 6 ATACMS raketi ilə hücum edib. Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında bildirib ki, Ukrayna uzaqmənzilli raketlərdən Rusiyaya qarşı istifadə etsə, bu, Rusiyanın nüvə zərbəsi endirməsinə gətirib çıxara bilər.

Rusiya Federasiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev Ukrayna tərəfindən atılan NATO raketləri blokun Rusiyaya hücumu sayıla bilər:

“Rusiya harada yerləşməsindən asılı olmayaraq, Kiyevə və NATO-nun əsas obyektlərinə qarşı kütləvi qırğın silahları ilə cavab verə bilər. Bu, III Dünya müharibəsi deməkdir, amma biz buna hazırıq”.

Prezident Vladimir Putin Ukraynaya ən ağır zərbələr endirilməsi və ölkənin bütün enerji sektorunun məhvini əmr edib. Artıq Ukrayna KİV-lərinin məlumatına görə, noyabrın 21-də səhər saatlarında Rusiya Federasiyasının Həştərxan vilayətindən Ukrayna hava məkanına Dnepr boyunca qitələrarası ballistik raket buraxılıb.

Maraqlıdır, hazırki proseslər fonunda, vəziyyətin daha da gərginləşəcəyi təqdirdə Prezident Putin nüvə silahından istifadəyə əl ata bilər?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi qeyri-mümkündür:

“Rusiyanı çapıb talayan, Qərbdəki banklarda milyard dəyərində pulları və Qərbdə xeyli sayda mülklərə sahib olan Rusiyanın hakim elitası ölümə hazırdırmı? Əgər hazırdısa, nüvə silahına əl atacaq, əgər hazır deyilsə, bu silahdan istifadə etməyəcək. Rusiya tərəfindən nüvə silahından istifadə ölkənin tam şəkildə dünyadan təcrid olunmasına gətirib çıxaracaq. ABŞ və NATO Rusiyanı tamamilə blokadaya salacaq. Rusiyadan nə neft, nə də təbii qaz alınacaq. Kreml sadəcə olaraq, Qərbi şantaj edir. Yəni, bu, ucuz lotu söhbətidir, lotunun axırı isə həmişə faciəli olur”.

Z. Əlizadə Bayden administrasiyanın xarici siyasətini səmərəsiz adlandırıb:

“Bayden administrasiyası heç bir uğuru olmayan administrasiya kimi yadda qalacaq. Əlbəttə, demək olmaz ki, Tramp administrasiyası Baydendən daha uğurlu olacaq, amma yenə də Tramp çox güclü biznesmendir və müəyyən işlərin öhdəsindən gəlmək qabiliyyətinə malikdir”.

Trampın Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməsinə gəlincə, Z. Əlizadə vurğulayıb ki, bunu yalnız zaman göstərəcək:

“Tramp Ukraynanı Rusiya ilə danışıqlar masasına oturda bilər, amma danışıqların uğurlu olub-olmayacağını indidən söyləmək çətindir. Ukraynanın şərtləri Rusiya üçün, Rusiyanın şərtləri isə Ukrayna üçün məqbul deyil. Amma hər iki tərəfin ortaq məxrəcə gəlməsi üçün hər hansı addım atılacaq”.

Politoloq onu da əlavə edib ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra Ukraynada müharibənin sona çatması ehtimal oluna bilər:

“Bu, Trampın mövqeyindən asılı olacaq. Ola bilər ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi bərpa olunsun və ya müharibənin tez bir zamanda başa çatması üçün Ukraynanın müəyyən ərazilərini Rusiyaya güzəştə getsinlər. Amma ikinci halın baş verməsi dünya nizamının məğlubiyyəti demək olacaq. Bir variant da ola bilər ki, Ukraynanın bitərəfliyi müqabilində Rusiya bu ölkədən öz qoşunlarını çıxartsın”.


MANŞET XƏBƏRLƏRİ