İsraildə “məxfi sənədlərin sızması” ilə bağlı aparılan istintaqda saxlanılan Baş nazir Benyamin Netanyahunun müavini Eliezer Feldşteyn “milli təhlükəsizliyə təhlükə yaratmaqda” ittiham edilib.
Turkustan.az xəbər verir ki, İsrail prokurorluğundan verilən açıqlamada, məxfi sənədlərin sızdırılmasında əsas şübhəli olan Feldşteyn "milli təhlükəsizliyi təhlükə altına almaq məqsədilə məxfi məlumatları açıqlama" səbəbinə görə günahlandırılır.
Açıqlamaya görə, Feldşteynə qarşı ittihamnamə İsrail Hərbi Kəşfiyyat İdarəsindən (Aman) birbaşa olaraq xam kəşfiyyat məlumatları da daxil olmaqla yüksək məxfi və həssas məlumatları oğurlamaq ittihamı ilə hazırlanıb.
Bildirilib ki, sözügedən məlumat “İsrail hərbi senzurası onun dərcini açıq şəkildə qadağan etdikdən sonra xarici media orqanı tərəfindən dərc edilib”.
Bundan əlavə, bəyanatda deyilir: "Bu hərəkət müttəhim Eliezer Feldşteyn-in məlumatı ilə həyata keçirilib və girov vəziyyətinin idarə olunması ilə bağlı İsrail ictimai müzakirəsinə təsir etmək məqsədi daşıyırdı."
Aytən Yaşar/ Turkustan.az