İsrailin siyasi müxalifətinin liderləri Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbsinə order verməsi qərarını pisləyib.
Turkustan.az xəbər verir ki, açıqlamalarda qərar biabırçılıq adlandırılır.
“İsrail vətəndaşlarımıza hücum edən, öldürən və zorlayan terror təşkilatlarına qarşı özünü müdafiə edir. Bu həbs orderləri terrorizmə mükafatdır”, – müxalifət lideri, keçmiş baş nazir Yair Lapid bildirib.
Netanyahunun müharibə kabinetinin keçmiş üzvü, Milli Birlik Partiyasının rəhbəri Benni Qantz X hesabında yazıb: “Beynəlxalq Cinayətlər Məhkəməsinin qərarı mənəvi korluq və heç vaxt unudulmayacaq tarixi ölçüdə biabırçı ləkədir”.
Keçmiş müdafiə naziri, “Yisrael Beytenu” partiyasının sədri Aviqdor Liberman söyləyib ki, BCM-in qərarı beynəlxalq ictimaiyyət və BMT təsisatlarının ikili standartları və ikiüzlülüyünə dair sübutlardan biridir:
“İsrail dövləti öz vətəndaşlarını qoruduğuna görə üzr istəməyəcək və güzəştə getmədən terrorizmlə mübarizəni davam etdirməyə sadiqdir”.
Demokratlar Partiyasının rəhbəri Yair Qolan qərarı utancverici adlandırıb: “İsrailin düşmənlərimizə qarşı özünü müdafiə etmək hüququ var və həmişə də olacaq”./teleqraf.com