...Və ya, gəlin mütəxəssisimizi lağlağıya qoymaqdansa, onu “imperator” edək!
Bir gün dahi fizik Albert Eynişteyn yazı löhvəsinə belə yazıb: 9x1 = 9, 9x2 = 18, 9x3 = 27, 9x4 = 36, 9x5 = 45, 9x6 = 54, 9x7 = 63, 9x8 = 72, 9x9 = 81, 9x10 = 91. Bundan sonra anidən auditoriyada xaos başlayır. Çünki Eynişteyn bir səhv etmişdi: doğru cavab 9 × 10 = 90 olmalıydı, dahi isə 91 yazmışdı. Bundan sonra bütün tələbələr Eynişteynə lağ edirlər. Eynşteyn isə hər kəsin susmasını gözləyir və deyir: “Doqquz sualın cavabını düz yazsam da, heç kim məni təbrik etmədi, amma bir sualdakı səhv cavaba görə hamı gülməyə başladı”.
Bundan belə nəticə çıxır ki, insanın bir neçə uğurunu kütlə tez unudur, bir səhvini isə bağışlamır. Deyə bilmərəm ki, Eynşteyilə bağlı bu əhvalat doğrudur, yoxsa yox, hər halda mahiyyətin özü doğrudur.
Yaxın oturun, sözümün canı var. Bir məsələni əvvəldən qeyd edim ki, “qələbənin şəriki çox olur, məğlubiyyət isə yetimdir” deyimi tam yerindədir. Bunu gündəlik həyatımızda hiss edirik, görürük.
Demək, dünən Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo Zaqreb"inə iki oyunun nəticəsinə əsasən, 0:5 hesabı ilə məğlub oldu. Xorvatiyadan üç cavabsız qolla məğlubiyyətlə qayıdan Azərbaycan klubu Bakıda daha iki cavabsız qolla məğlub oldu və Liqanın final mərhələsinə adlaya bilmədi. Komandamız mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək ki, bunun özü də Azərbaycan futbolu üçün böyük uğurdur. Amma kütlə, əsasən də sosial şəbəkə istifadəçiləri bu uğuru görmür, “Qarabağ”ın futbolçularını, əsasən də baş məşqçi Qurban Qurbanovu tənqid edirlər, məğlubiyyətlə bağlı lağlağıya başlayıblar. Və bu, bir sutkadır ki, davam edir.
Tənqid öz yerində, kimsə büt deyil, kiminsə fəaliyyətini tənqid etmək, fikir bildirmək normaldır və yəqin ki, futbol mütəxəssisimiz bundan incimir. Amma bu tənqid futbol biliciləri, mütəxəssislər tərəfindən edilirsə. Məsələnin gülməli tərəfi futbolun “f”sından xəbəri olmayanların tənqididir, göstəriş verməsidir. Ay qardaş, ay bacı, axı iki həftə əvvəl həmin Qurbanın başında dayandığı “Qarabağ” Bolqarıstan “Ludoqorets”inə Sofiyada yeddi qol vurmuşdu və hamımız “Qurban, sənə can qurban” deyirdik. Ay qardaş, ay bacı, axı bu həmin “Qarabağ” və həmin Qurbandır ki, illərdir Avroliqalarda böyük klublarla başa-baş mübarizə aparır, oyununa Bakıdakı stadionda baxmağı xəyal belə etmədiyimiz klubları, oyunçuları paytaxtımıza gətirir. Bu faktları nə tez unuduruq?! Söhbət bir oyunçusunun qiyməti “Qarabağ"ın ümumi büdcəsindən iki dəfə çox olan İspaniya “Atletiko”sundan, Almaniya “Borrusiya”sından gedir. Avropa nəhəngləri sırasında olan Danimarka “Kopenhaqen”ini məğlub edərək Çempionlar Liqasının qrup mərhələsinə düşən və orada dünya nəhəngləri ilə oynayıb zövqümüzü oxşayan “Qarabağ”dır axı... Bir məğlubiyyətə görə, dəfələrlə qələbə sevinci yaşadan, bayrağımızı dünyada ucaldan bir klubu, onun başında dayanan bir futbol bilicisini bu qədər aşağılamaq olarmı?
Hələ üstəlik Qurbanovun "Dinamo Zaqreb"lə görüşdə geyindiyi köynəyin qiyməti də bir tərəfdən müzakirə olunur. Xəbərdə deyilir: “Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb"lə görüşdə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun geyindiyi köynəyin qiyməti təəccüb yaradıb. Təcrübəli çalışdırıcının köynəyinin dəyəri 1835 manat imiş”. Və köynəyin hansı brendə aid olması, qiymətinin daha yüksək olması müzakirə edilir, məşqçinin üzərinə hücum edilir. Sonda da bir çox sosial şəbəkə istifadəçiləri yazırlar: “Bu qiymətə köynək geyinən baş məşqçinin klubu uduzacaq dəəə...”. Anlamaq olmur, bunun məsələyə nə aidiyyatı var ki? Adam məmur deyil, büdcə talamır, qazancı ilə əyin-baş almasınmı? Məlumata görə Qurban müəllim ayda 100 min manat əməkhaqqı alır. İki min manatlıq köynək geyinirsə, bunda təəccüblü nə var ki, belə şişirdilir? Hə, deyilə bilər ki, bir məşqçi bu qədər maaş niyə almalıdır. Mən də sual verirəm: niyə almamalıdır? Qurbanın komandasının qələbələri sayəsində kluba milyonlarla dollar, avro vəsait gəlir, bu qələbələrin memarı qəpik-quruş almalıdır? Biz bilirik ki, “Qarabağ”ın bir oyunda yeddi qol vurduğu “Ludoqorets”in baş məşqçisinin aylıq maaşı nə qədərdir? Yaxud qardaş Türkiyənin adlı-sanlı klublarının “Qalatasaray”ın, “Fənərbaxça”nın, “Beşiktaş”ın və digərlərinin baş məşqçilərinin maaşı nə qədərdir? Rəqəmlərə baxanda dodaq uçuqlayır.
Yeri gəlmişkən, İstanbul nəhəngi “Qalatasaray” da “Yanq Boys” kimi ortabab klubu keçib Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Həm də mütəxəssislərin dediyinə görə, bərbad oyun oynadı. Futboldu da, qələbə də olur, məğlubiyyət də. “Barselona” kimi nəhəng də iki oyunun nəticəsinə görə Almaniya “Bayer”inə 7-0 məğlub olmuşdu. Necə deyərlər, meydan düz, top yumrudur.
Onsuz da Azərbaycan futbolunun vəziyyəti hər kəsə bəllidir. Milli futbol komandamızın “uğurları”nı da görməzdən gəlmək, “Qarabağın” uğurlarını da görməzdən gəlmək ədalətsizlik deyilmi? Ağdam klubu UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirəcək. Sabah Qurbanın komandasının Avropa Liqasının kubokunu ölkəmizə gətirə bilməzmi? Hər şey ola bilər. İndi Qurban bəyi, “Qarabağ”ı az qala təhqir edənlər utanmayacaqlar? “Qalatasaray”a uğurlar qazandırmış Fatih Terimi qardaşlarımız “imperator” etdilər. Biz də “Qarabağ” oyunçularına, məşqçisinə dəstək verməklə kuboku ölkəmizə gətirmələrinə yardım edə, Qurbanı “imperator” edə bilmərikmi? Edərik. Gəlin azsaylı futbol mütəxəssisimizi lağlağıya qoymaqdansa, onu “imperator” edəyin! /ayna.az/