Finalda səs və görüntü niyə üst-üstə düşmürdü? – İTV-dən açıqlama


“Final oyununun şərhində səslə görüntünün üst-üstə düşməməsi ilə əlaqədar yaranan problemə görə bu məsələdə məsuliyyət payı olan şəxs olaraq öz adımdan üzr istəyirəm”.

Turkustan.az xəbər verir ki, bunu Avro-2024-ün yayımçısı İctimai Televiziyanın (İTV) idman departamentinin direktoru Kənan Hakimov sosial şəbəkə hesabında yazıb.
O, futbol azarkeşlərindən üzr istəyib və texniki problemin səbəbini belə izah edib:

“Futbol azarkeşi kimi televiziya qarşısında hansı hisslər keçirdiyinizi yaxşı başa düşürəm və haqlı tənqidləriniz qarşısında deyiləcək bir söz yoxdur. Oyundan öncə test zamanı hər şey normal olsa da, təəssüf ki, şərhin gedişatında vəziyyəti düzəltmək üçün dəfələrlə cəhd edilsə də, yaranan problemi aradan qaldırmaq mümkün olmadı.
Qeyd edim ki, UEFA bir müddət öncə yeni sistem üzərindən işləməyə başlayıb. Belə ki, şərhçinin səsi əvvəlki kimi peyk vasitəsilə deyil, internetlə göndərilir. Bu Avropa çempionatının gedişatında bir çox ölkələrin yayımçı telekanalları şərh zamanı eyni vəziyyətlə üzləşiblər və onlar da oyunun gedişatında mövcud problemi aradan qaldıra bilməyiblər”.

Qeyd edək ki, ötən gün Almaniyada keçirilən Avropa çempionatının final görüşünün yayımı zamanı İTV telekanalında texniki problem yaranıb. Belə ki, şərhçinin səsi və görüntü arasında təxminən 3-4 saniyəlik fərq olub. Tamaşaçılar sosial şəbəkələrdə bununla bağlı İTV-yə iradlarını bildiriblər. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ