Azərbaycanın I Liqasında çıxış edən “Mingəçevir” klubunun səkkiz futbolçusu oyun alqı-satqısı ilə bağlı mühafizə orqanları tərəfindən saxlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələdən xəbərdar olduqlarını və hazırda araşdırma aparıldığını bildirib.
“AFFA bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq. Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə E.Məmmədli bildirib.
Qeyd edək ki, “Mingəçevir” klubunun futbolçuları ilə yanaşı, “Şamaxı”nın da keçmiş iki futbolçusu Adil Nağıyev və Georgi Kantariya ilə bağlı araşdırmalara başlanıb.