Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras?


Son illər gənclər arasında mərc oyunlarından asılılıq xeyli artıb. Bir çox insanın həyatını məhv edən bu zərərli vərdiş hətta tanınmışlar arasında da yayılıb. Son günlər Türkiyədə Sərdar Ortaç, Mehmet Ali Erbil və Batuhan Karadeniz kimi tanınmış şəxslərin qeyri-qanuni mərc oyunlarını təşviq etmək ittihamı ilə saxlanılması da bunu bir daha təsdiq etdi.

Bəs, bu asılılıq necə yaranır? Gənclər bu vərdişdən necə xilas ola bilərlər?

Turkustan.az-ın suallarını cavablandıran psixoloq Nizami Orucov bildirib ki, qumar asılılığı insanların həzzi gözləntidən alması ilə əlaqəlidir:

Bakupost.az

"Araşdırmalarda sübut olunub ki, proqnoz gözləntisi insanlarda həzz yaradır. İstər poker, kazino, istərsə də futbol mərc oyunları olsun, bunlar heç bir formada qazanc əldə etmək üçün edilmir. Əksinə, bu, ilk növbədə insanın verdiyi proqnozu gözləyənə qədərki vaxtda aldığı həzz üçündür. Az qala bu, emosional ehtiras səviyyəsinə çatır. Nəticədə insanın psixoloji vəziyyətinə ciddi təsir edir və asılılıq yaradır. Çox vaxt insanlar bu asılılıqdan travmatik vəziyyətlərdən qaçmaq üçün istifadə edirlər. Məsələn, Sərdar Ortaçın uzun illər psixoloji problemlər yaşadığı məlumdur və onun qumara meyl etməsi bununla əlaqəli ola bilər."

Psixoloq Nərgiz Hüseynli isə bu asılılığın psixoterapiya ilə müalicəsinin mümkün olduğunu vurğuladı:

Bakupost.az

"Qumar asılılığının müalicəsində əsas metod psixoterapiyadır. Burada ən vacib olan həmin şəxsin bu problemi qəbul etməsi və müalicəyə hazır olmasıdır. Psixoterapevtlər koqnitiv-davranış terapiyası, EMDR terapiyası və qrup terapiyası kimi üsullardan istifadə edirlər. Anonimlik qorunmaqla keçirilən qrup terapiyaları xüsusilə effektivdir. Həmçinin ailə və yaxınların dəstəyi müalicənin vacib elementlərindəndir. Bu proseslər sayəsində asılılığın emosional və travmatik səbəblərini araşdıraraq problemi aradan qaldırmaq mümkündür".


MANŞET XƏBƏRLƏRİ