"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 20 il keçir.
"Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir.
İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən, informasiya mübadiləsi aparır.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya və Gürcüstanda ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər.
APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. "APA-Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır. "APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. "APA-Economics” Azərbaycana “renkinq mədəniyyəti” gətirib. "APA-Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri "APA-Economics”in tərtib etdiyi renkinqləri istinad mənbəyi kimi göstərir.
Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.