Deputat çılpaq “qadın” haqda elə şeylər yazdı ki… – İnanılmaz məlumatlar


Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı heykəli neçə gündür müzakirə edilir. Heykəl artıq götürülüb, amma onun ətrafında hələ də fikir dartışmaları aparılır.

Turkustan.az xəbər verir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu özünün Feysbuk hesabında bu haqda paylaşım edib.

Deputatın məqaləsində yer almış fikirlər, iddialar, paralellər maraqlı və mübahisəli görünür.
Həmin yazını təqdim edirik:

“Lorenzo Kuinnin çılpaq qadın əsəri, azərbaycansayağı ictimai qınaq və Gök Tanrının oğlu Kayra Xan
Lorenzo yaradıcılığı məni həmişə düşündürüb, heyrətləndirib, valeh edib, təəccübləndirib. Hətta ruhən mənə o qədər doğma gəlib ki, onun mənsub olduğu etnomədəni köklərlə öz milli köklərim arasında bir əlaqə olduğuna inanmışam. Bəlkə də etrusklar ortaq əcdadlarımız olub. İnsanlığın yaddaş ardıcıllığı təqribən belədir – ezoterik bilgilər dövrü, mifologiyalar, dastanlar, eposlar və nəhayət, müasir ədəbiyyat mərhələsi. Ona görə ədəbiyyat deyirəm ki, ədəbiyyat təkcə yaddaş deyil, həm də yaradıcı fantaziyadır .İnsan oğlunun idrakı maksimum nəyə qadirdirsə, onu sadəcə ədəbiyyat vasitəsilə ifadə edə bilir. Mənsub olduğum uca türk millətinin milli yaddaşı da ən qədim yazılı və şifahi köklərə malikdir. Yəni insanlar hələ fəlsəfədə, düşüncədə, yaradıcılıqda bər-bəzəyi düşünmədən öncə hər şeyin özünü, özəyini çılpaq təsvir və ifadə edirdilər .Türk ədəbiyyatı tarixində bu ənənə Qaşqarlı Mahmuda qədər davam etdi. Sonra super eqo azadlıqlarımızın üstünə çıxdı. Beləliklə dildə və düşüncədə özək, yəni başlanğıc yox oldu.

Lorenzo yaradıcılığı isə şəxsən məni o özəyə, ilkə, başlanğıca qaytarır. Bəlkə ona görə ki, mənim ruhi-mənəvi başlanğıcım Kayra Xandan başlayır?! Kayra Xan (Kayra Xan – qayıran, düzəldən, nizam verən deməkdir, qıpçaq türklərində Kayrağan ) Gök Tanrının oğludur. Gök Tanrı yeri- göyü yaradıb, ancaq planetimiz ucsuz-bucaqsız səhralardan və sonu görünməyən duzlu sulardan ibarətdir. Bir gün Kayra Xan görür ki, suların icərisindən bir qadın silueti yüksəldi. Bu surət Kayranı valeh edir, ona aşiq olur və onun eşqinə dağları, dərələri, çayları, meşələri, gülləri, çiçəkləri yardır. Şübhəsiz ki, bu qadın başlanğıc olduğu üçün paltarsız – çılpaq idi .Öz idi, özək idi. Bizlər isə Kayra Xan ilə bu ilk qadından törəyəcəkdik! Geyim isə çox-çox sonralar kəşf ediləcəkdi. Yəni mənim əcdadımın yaratdığı Tanrıçılıq inancı bütün səmavi dinlərdən fərqli olaraq qadını həyatın başlanğıcına qoyur, onu ilham mənbəyi kimi göstərir. Özü də tam çılpaq! Bax buna görə yuxarıda qeyd etdim ki, Lorenzo Kuinn ruhən mənə yaxındır. Bəlkə elə genetik yaddaşımız da ortaqdır. Bütün səmavi dinlər isə qadını aşağılayır və iblisləşdirir .Yaxın Şərq mədəniyyətinin yaratdığı dinlərin hər üçü əvvəlcə qadını Adəmin ən kiçik qabırğasından Adəm üçün əyləncə vasitəsi kimi düzəldildiyini iddia edir. Bu azmış kimi qadını iblisləşdirərək Adəmi qadağan edilmiş meyvəni yeməyə təhrik edən varlıq kimi göstərir, cənnətdən qovulmağımızın səbəbkarı kimi görür. İndi isə həmin inancı mənimsəyənlərin təfəkkürünə görə qadın azad ola bilməz, ilham qaynağı heç ola bilməz. Çünki kişi üçün oyuncaq olaraq yaradılıb, üstəlik babamızı cənnətdən qovdurub. Ona görə də onu daş-qalaq etmək lazımdır, hətta heykəlini belə!

Dostlar, axı belə yanaşma bizim deyil. Axı biz digər heç kimin yox, Kayra xanların törəmələriyik. Nəyə görə öz milli təfəkkür və mədəniyyətini bizə din kimi sırıyan, babalarımızı qılncdan keçirənlərə bənzəməliyik? Niyə özümüz olmalı deyilik ki?! Əlbəttə, İslam dini müqəddəsdir. Allaha şükürlər olsun ki, müsəlmanıq. Ancaq müsəlman olmaq kənanlı, arameyli, akkadlı olmaq demək deyil!”


MANŞET XƏBƏRLƏRİ