Dələduzlar tərəfindən Azərbaycanda rəqəmsal və məişət texnikası satışı sahəsində fəaliyyət göstərən mağazalar şəbəkələrinin saxta saytları yaradılır.
Yeniavaz.com-a daxil olan məlumata görə, sözügedən saxta saytların domen adları və dizaynı mağazalar şəbəkələrinə məxsus rəsmi saytların domen adları və dizaynı ilə oxşarlıq təşkil edir və bu hal vətəndaşların onları bir-birindən ayırd etməsini çətinləşdirir.
Yaradılan feyk saytlarda məhsullar, xüsusilə mobil telefonlar dəyərindən qat-qat ucuz və ya böyük məbləğdə endirimlərlər təklif olunur. Nəticədə sözügedən məhsulları “almaq istəyən” vətəndaşların kart məlumatları alınır, pulları mənimsənilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirib ki, sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşlar diqqətli olmalıdırlar, çünki həm satan, həm alan tərəf dələduz ola bilər:
“Bu cür zənglər vətəndaşların sayta yerləşdirdiyi elanlarla bağlı ola bilər, yaxud əksinə, dələduz diqqəti cəlb etmək məqsədilə elan saytlarına real dəyərindən qat-qat aşağı qiymətə məhsul yerləşdirir. Əlaqə yaradanda isə özünün ölkədə olmadığı, yaxud uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini və yaxud alacağını bildirir.
Eləcə də, dələduzlar vətəndaşlara xarici nömrələrdən zəng edərək və ya "WhatsApp" mesenceri vasitəsilə yazaraq guya alacaqları məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kartı məlumatlarını, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Bundan sonra dələduzlar kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirir, yaxud şəxsin adına onlayn qaydada kredit götürərək həmin vəsaitləri mənimsəyirlər”.