“Azərbaycanda insanların ictimai məkanlardakı davranış qaydaları narahatlıq üçün ciddi əsas verir. Hələ də çəkdiyi siqaretin qutusunu yerə atan, küçəyə tüpürən, ictimai yerdə yüksək səslə danışan adamlara rast gəlmək mümkündür. Bu cür ədəbsiz hərəkətləri təkcə savadı, dünyagörüşü məhdud olan adamlar etmirlər. Bəzən ziyalı görünüşü ilə diqqəti cəlb edən insanların da mədəniyyətsiz davranışlarının şahidi oluruq”.
Turkustan.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Seymur Verdizadə sözlərinə belə davam edib: “Maşından bayıra zibil atmaq bu qəbildən olan hərəkətlərdəndir. Bu, təkcə təbiətə vurulan zərbə deyil. Bunu edən adamlar həm də arxadan gələn maşındakı sərnişinlərin həyatı üçün təhlükə yaradırlar. Sözsüz ki, bu cür əməllər cəzasız qalmamalıdır. Cərimələr lazımdır. Bu, inzibati cəza metodudur. Amma məbləğin birdə-birə 20 dəfə qaldırılması düzgün deyil. Düşünürəm ki, maşından bayıra zibil atanlar üçün nəzərdə tutulan cərimə məbləği 200 manatdan 400-500 manata qaldırılsa, daha məntiqli olar. Biz qanunvericiliyin sərtləşdirilməsi ilə paralel olaraq, insanların da maarifləndirilməsinin qeydinə qalmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə maarifçilik işini genişləndirməyə ehtiyac var”.