Xəyanətin 4 əsas səbəbi: “Evli şəxslər bunu mütləq etməlidir”


Müasir dövrdə evliliklərin əsas problemlərindən biri də aldatmadır. Xüsusilə müxtəlif sosial platformaların yaranmasından sonra evli cütlüklər arasında xəyanətlərin daha tez üzə çıxdığı müşahidə olunur.

Cəmiyyətdə bəzi evli şəxslərin subay insanlarla birlikdə olmağa çalışdığı, subayların isə evlilərlə münasibətə meyilli olduğu görünür.

Niyə məhz evli və subay insanlar bir-biri ilə mümasibət qurmaqda maraqlıdır?

Globalinfo.az-a danışan psixoloq Nizami Orucov bunun kökündə əsas 4 səbəbin olduğunu açıqlayıb:

– İstəmədən edilən evliliklər;
– Monotonlaşan evlilik;
– Cinsi həyatın düzənsizliyi, tətmin olmama;
– Əvəz – əvəz məqsədli və.s.

Psixoloqun sözlərinə görə, istənməyən evliliklərdə xəyanət hadisəsi müşahidə olunur:

“Çünki tərəflər ya məcburi şəkildə evləndirilir, ya da sadəcə biri o münasibəti istəyir, digəri yox. Bu da əvvəl – axır araya başqa şəxslərin daxil olması ilə nəticələnir. Ona görə ki, evliliyin bünövrəsi sağlam qoyulmur”.

N.Orucov deyib ki, monotonlaşan evliliklərdə əsas problem həyəcanın, həvəsin azalması, partnyorların yenilik tərəfdarı olmaması və beləcə bir – birlərini sıxacaq sabit münasibət formalaşdırmalarıdır:

“Tərəflər bu halda çıxış yolunu başqa partnyor axtarışına çıxmaqda görürlər. Amma unudurlar ki, evli olduqları insan da bir vaxtlar özünə xoş həyəcan yaşadan, həyat eşqini artıran, həvəsləndirən biri idi. Zaman keçdikcə münasibət tərəflər üçün adiləşir. Əlbəttə, xəyanət haqq qazandırılası bir şey deyil. Bunun yerinə cütlüklər məsələ ilə bağlı ya qarşılıqlı söhbət etməli, ya da professional dəstək alaraq özlərinin də unutduğu münasibətlərinin müsbət tərəflərini yada salıb, hisslərini “təzələməlidirlər”.


Nizami Orucov

Psixoloq bildirib ki, xəyanət edən şəxslər həyat yoldaşları ilə cinsi münasibətdə nizamsızlıq məsələsi ilə bağlı müzakirə aparmalıdırlar:

“Bu məsələ professional dəstək alaraq yoluna qoyula bilər. Cütlüklər belə situasiyalarda özlərinə haqq qazandırmaq yerinə, münasibəti bərpa etməyə, yenilənməyə meyilli olmağa çalışmalıdırlar.

Elə evliliklər də var ki, həyat yoldaşı xəyanət etdiyi üçün, əvəzini çıxmaq məqsədi ilə qarşı tərəf də xəyanət edir. Bu zaman şəxsi dəyərlər və standartlar belə əzilməyə layiq görülür”.

N.Orucov deyib ki, subaylarla xəyanət edilməsi sadəcə yeniliklə əlaqədardır:

“Evli şəxslərin xəyanəti məhz subay insanlarla etməsi, sadəcə yeni həyəcan axtarışı, yaşanmamış və ya yaşana bilməmiş hisslərin olması ilə bağlıdır. Bəzi hallarda içində öz eqosunu tətmin etmə cəhdidir. Bu isə heç bir halda haqq qazandırıla biləcək hərəkət deyil”.


MANŞET XƏBƏRLƏRİ