“Sabah hansısa Xalq artisti kütlənin qarşısında rahatca soyunar və deyər ki…” – Fazil Mustafa


Ağadadaş Ağayevlə mühafizəçi arasındakı balta qalmaqalı ölkənin siyasi mühitində də ciddi müzakirə edilir. Əsas təklif-tələblərdən biri də A.Ağayevin “Xalq artisti” fəxri adından məhrum edilməsidir.

Mövzunu Globalinfo.az-a şərh edən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, titul bu cür davranışa ehtimalı olan şəxslərə verilməməlidir.

Onun fikrincə, bizdə sözügedən sistem dəyişməlidir:

“Xalq artisti”, “Xalq şairi”, “Xalq yazıçısı” və s. adlara məncə, fərqli bir prizmadan baxmaq lazımdır. Burada ən yaxşı Türkiyə modelini götürməkdir. Dövlət sənətçisi və ya dövlət üçün əhəmiyyətli olan hansısa bir ad varsa, sənətkara verilə bilər. Anlamıram, mövcud imtiyaz, titul yaradıcı şəxslər üçün nə dərəcə zəruridir ki, hamı bunun yarışına çıxıb? Buna görə də məsələyə baxılmalıdır. Dövlət öz sənətçisinə dövlət titulu verir və əhəmiyyətli olan adam himayə olunur. Amma rəqabət yarışında özləri üçün həyat qururlar, yaşayırlar, toydan pul qazanırlar, xalq tərəfindən dəstəklənirlər. Onda bütün meyxanaçılara da “Xalq meyxanaçısı” adı verək?! Onlar da xalq tərəfindən sevilir axı. Tendensiyanı yaşatmaqdayıq və bu, olduqca xoşagəlməz bir vəziyyət yaradır. Bir neçə adama “Xalq artisti” adı veriblər. Sabah da həmin kəslərdən biri kütlənin qarşısında rahatca soyuna və deyə bilər ki, mən bu cür istəyirəm. Onda həmin adın mənası qalırmı?”

Fazil Mustafa deyib ki, bəzən insanlar sanki müasir, müstəqillik dövrünün boşluğundan istifadə edir və o boşluqları doldurmaq üçün kiməsə “Xalq artisti” adı verilir:

“Biz bu gün Rəşid Behbudova, Şövkət Ələkbərovaya, Sara Qədimovaya “Xalq artisti” adının verilməsi məsələsini müzakirə etmirik. Onlar həmin adı almaq üçün o qədər böyük mərhələlər keçmişdilər. Lakin bu gün heç bir mərhələ keçməyən adamlar titul daşıyırlar ki, bu da ayrı-ayrı şəxslər arasında olduqca süni rəqabət yaradır. Dövlətin dəyər verdiyi sənətkarlar qorunmalıdır. Xalqın böyük əksəriyyəti Fərhad Bədəlbəylinin və ya Yalçın Adıgözəlovun hansısa bir musiqisini, ifasını anlamaya bilər. Amma sənət adamları anlayır axı ki, onlar böyük sənətkarlardır. Ona görə də bu adamları xalqın qiymətləndirməsinə buraxmaq olmaz. Ya bütün sahələr üzrə “Xalq meyxanaçısı”, “Xalq artisti”, “Ara müğənnisi” titulları yaratmalıyıq, ya da adların verilməsi məsələsinə yenidən baxmalıyıq”.

F.Mustafanın fikrincə, əslində, adların verilməsi məsələsinə baxmaq lazımdır, alınmasına yox:

“Ad almaqla hansısa xəstəliyi olan bir insana yenidən stress yaşatmaq doğru olmaz. Bu baxımdan məncə, sənət adamlarının fəaliyyətini dəyərləndirmə fərqli olmalıdır. Onlara müxtəlif formalarda, yüksək səviyyədə pensiya verilməlidir. Amma pensiyanın birinci növbədə dövlət və cəmiyyət üçün əhəmiyyəti olan adamlara verilməsi nəzərdə tutulmalıdır, təqaüdlər olmalıdır. Digərləri isə bu sənətdən yenə də pul qazana bilirlər. Toy var, toyxana var, hansısa bir şəkildə səsləri, imkanları varsa gedib, orada pullarını qazansınlar, bizneslərini qursunlar. Hər hansı bir şəkildə buna da mane olmaq lazım deyil. Çünki hamı öz sənətinə görə yaşamalıdır. Yəni problemi biz tam şəkildə həll etməyincə, istənilən Xalq artisti, sənət adamı balta da atacaq, cəmiyyətin gözü önündə soyuna da biləcək, istədiyini də edəcək. Belə olan halda sən ona nə deyəcəksən? Hamısının titulunu əlindən alacaqsan?”


MANŞET XƏBƏRLƏRİ