Millət olma gerçəyi


Orta, kiçik burjuaziya olan, sayı 1000-nə çatan topdan satıcı-pərakəndəçi tacirlər Azərbaycanın bütün vilayət, qəzalarını əhatə etmişdi. Onlar Azərbaycanın idxalat-ixracatında çox əhəmiyyətli rol oynayırdılar. Bu tacirlər təkcə Azərbaycanda deyil, Tiflis, İrəvan ticarətində də önəmli yer tuturdular. Kənd təsərrüfatında çalışan varlı əkinçilər yetişmişdi və ölkənin kənd təsərrüfatında istehsalçı, yetişdirici kimi hörmətli yerləri vardı. Beləliklə, bu dövrdə Azərbaycanda sənaye və ticarət həyatı Qərb anlamında kapitalizm cığırına girmiş və olduqca irəliləmişdi. Azərbaycanda xanlıq dövründən qalma təkbaşına toplum münasibəti yerinə, xalqı və toplumun müxtəlif siniflərini bir-birinə bağlayan, birləşdirən ticarət, şəhər həyatı meydana gəlmiş, feodal rejimi əhvali-ruhiyyəsi ilə birlikdə ortadan yox olmuşdu.

Bakı-Batumi dəmir yolu, neft borusu xətti, dəmir yollarının keçdiyi ərazilərdə yerləşən ixracat-idxalat işlərində çox yer tutan vağzallardakı fabrik, emalatxanalar və Rusiyanın dərinliklərinə uzanan dəmir yolu azərbaycanlı tacirləri ticarət üçün Rusiyanın sənayeləşən mərkəzlərinə doğru apardığı kimi Qərbi Avropaya da çəkib aparırdı. Bu münasibətlər Azərbaycan xalqının dünyagörüşündə çox böyük rol oynayırdı. Azərbaycan burjuaziyası yüksəlməkdə, irəliləməkdə olan kapitalizm çağında ticarətdə rəqabətin öhdəsindən gəlməyi, yeni texnikaya yiyələnmək, yaradıcı potensiala malik olmaqla mümkün olacağını qismən şüurlu şəkildə, qismən də tarixin seyrinə ayaqlaşaraq dərk etməyə və anlamağa başlamışdı. Fəqət, Azərbaycan Rusiyanın müstəmləkəsi olduğu üçün çarlıq rejimi Azərbaycanın sənayesinin, ticarətinin inkişafına mane olmağa çalışmasına baxmayaraq, azərbaycanlı kapitalistlər bir tərəfdən çarlıq rejiminin maneələrini aradan qaldırmağa, digər tərəfdən də kapitalist rəqabəti meydanında neft daxil olmaqla sənayenin bütün sahələrində Vətənində özünəlayiq yer tutmağa çalışırdı. Bir tərəfdən də Azərbaycan milli burjuaziyası yalnız xalqın ancaq sərvətilə var olmayacağını, ticarətini inkişaf etdirə bilməyəcəyini tarixin gedişindən mütəfəkkir və uzaqgörənlərin təsirilə anlamışdı.

Millət – Cəmiyyət həyatının milli mədəniyyətə, milli məktəbə, milli teatra, milli mətbuata daha çox mənəvi, əxlaqi quruluşlara ehtiyacı olduğunu hiss etmiş və öyrənmişdi.

Bundan başqa, öz vətənindən, öz torpağından çıxan neft, metal, kənd təsərrüfatı məhsulları və başqa sərvətlərin özlərinə və xalqına aid olduğunu və bunları yabançı imperialst dövlətlərin, kapitalistlərin qarət etdiklərini görür və başa düşürdü. 1888-1890-cı illərdə çarlığın göstərdiyi təzyiqə baxmayaraq dərc olunan “Kəşkül” qəzetində belə bir yazı oxuyuruq:

İndi bizdə daha böyük sərmayə sahibi zadlar vardır, təcrübəli və hüşyar olanlarımız da az deyildir. Etiqad və etibar meydanında bərqərardır ki, bu hal ilə belə məmləkətimizdən və məmləkətimizə qarışan hissələrdən bu gün hər millət kompaniyaları fayda təmin eyləməyə girişməkdə ikən, bizim sərmayədar olan tacirlərimizin kənardan tamaşa eyləyib bir-birindən ayrı durmalarına təəssüf eyləməmək olmur. Diqqət buyurulsun...”

Bu yazıda açıq deyilir ki, ruslar, ermənilər, qərbi avropalılar Azərbaycanın sərvətini soyub-talayır, istədikləri kimi xalqımızı, ölkəmizi qarət edirlər, biz də tamaşa edirik. Həmin yazıda Azərbaycanda ilk milliyyətçilik ruhunun doğduğunu görürük. Qərbi Avropada kapitalizm dövrü, milliyyətçilik siyasi cərəyanının doğulduğu dövr sayılır. Avropada millətlərin siyasi və iqtisadi rəqabəti, gömrük hüdudları, milliyyətçilik siyasi fikir cərəyanı hərəkəti olaraq meydana gəlmişdir. Beləliklə, milli sərmayələrinə kənardan gələn sərmayə ilə rəqabət etmə imkanını təmin etmişdilər. Azərbaycanda isə çarlığın min bir badalaq vurmasına, maneələr yaratmasına baxmayaraq, tarixin seyri ilə çətin mübarizələrdə meydana gələn Azərbaycanın milli kapitalistləri də bu ticarət rəqabətində özlərinin və xalqının qarət olunduğunu, müstəmləkə şəklində idarə edildiklərini dərk edirdilər. Bax, bu idrak və şüur içərisində Azərbaycan yerli kapitalistinin himayəsində Azərbaycan mədəniyyəti, mətbuatı, səhnəsi, ədəbiyyatı və başqa müasir cəmiyyətləri meydana gələcəkdi. Deməli, tarix özü buna şərait yaradırdı, yoxsa Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış əsassızdır.

Şəraitin yetişmədiyi zamanda kənardan heç bir fikri gətirb cəmiyyət həyatına yerləşdirə bilməz!

Köhnə Praqa universitetinin professorlarından olan S.Prokopoviç deyir ki:

kapitalizmin meydana çıxması üçün və daxili gömrük maneələrinin ortadan çıxmasının ətrafında tranzit yollarının inkişaf etməsi, poçt, tək bir idarə rejimi, ticarət və sənaye hüququnun birləşdirilməsi, tək bir dil ehtiyacını gərəkli edir”...

Bax, milliyyətçilik fikrinin doğuşu buradan gəlir.

Yeni doğan və bir-birinə dolaşdırılmış olan qarışıq kapitalist sənaye, ticarət və sosial həyat bütün anlamlarını və ehtiyaclarını ifadə edə biləcək tək bir dilin gərəkliyini hiss etmişdir. Çünki şəhər və burjua həyatının başlaması ilə milli həyat da başlamışdır. Bu səbəbdən alman sosializminin atalarından Otto Bauer deyir ki:

Millətin inkişaf səviyyəsi, istehsal və mülkiyyətin tarixi tərzini göstərməkdədir”.

Marksizm ilə heç bir əlaqəsi olmayan və bu ittihamdan kənar olan Yohannet milliyyət məsələsində iqtisadiyyatın heç bir rolu olmadığını iddia edən Renana qarşı belə deyir:

Siyasi iqtisadiyyatı yaxşı oxuyub öyrənməyən və izah etməyən, xarici ticarət işlərində şəxsən iştirak etməyən şəxslərə milliyyət məsələsində söz söyləməyi qadağan etməlidir”.

Bauer milliyyət məsələsində belə bir sxem verir. Xalqların tarixi gələcək nəsillərə iki yol ilə təsir edər:

Yaşamaq qayğısı üçün aparılan mübadilənin içində inkişaf edən formalaşma nəticəsi müəyyən vücud xüsusiyyətlərini irsiyyət yolu ilə gələcək nəslə aşılamaqla. Təşəkkül edən müəyyən mədəni ideal tərbiyə etmək, adət, hüquq yolu ilə cəmiyyət halında yaşayan gələcək nəslə verməklə.

Beləliklə, bu hərəkətetdirici qüvvə bizdə tarixdir, bizdəki milliyyəti təyin edir, bizi bir millət olaraq bir-birimizə bağlayan doğmalığı təşkil edir.

MİLLƏT – milli xarakterdə, fərdin milliyyətində özünü göstərir.

Fərdin milliyyəti – cəmiyyətin tarixi keçmişi ilə bağlı bir cəhətdən başqa bir şey deyildir.

Renan milliyyəti belə bir tərif edir:

Zəngin tarixi xatirələrin irsiyyət yolu ilə əldə edilməsi birinci ünsürdür, digəri – birlikdə yaşamaq arzusu ilə atalardan ümumi şəkildə alınanları birlikdə idarə edərək birlikdə yaşamaq iradəsidir. Millətdə atalara sitayiş arzusu bütün ibadətlərdən üstün mövzudur. Atalar bizləri, bizlər hal-hazırda necə varıqsa elə yaratdılar. Qəhrəmanlıqlarla dolu keçmiş, böyük adamlar və yaratdıqları şan-şərəf, beləliklə milliyyət idealının əsasını təşkil edən sosial kapital. Keçmişin şanlı hərəkətlərini duyarlıqda birlik olmaq, bu hərəkətlərdə gələcəkdə də birlikdə iştirak iştirak arzusu və hal-hazırda yaşamaq üçün ümumi iradə, beləliklə xalqın yaşamasına uyğun şərait. Açıqca görünür ki, bir topluluq olaraq yaşamağa davam etmək arzusu öz ifadəsini millətin varlığını davam etdirməkdə özündən davamlı bir plebisit mənzərəsi göstərməkdədir”.

Lenin millətçi vətənpərvərliyi belə anladır:

Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir”.

Təkamülçü marksist Bauer, idealist Renan, bitərəf, filosof Yoanne, ifrat solçu marksist Lenin, bunlar hamısı millət gerçəkliyi üzərində diqqəti heyrət ediləcək dərəcədə ittifaq edir və vətənpərvərlik gerçəyini ard-arda, başqa sözlərlə, fəqət eyni anlam daşıyacaq şəkildə ifadə edirlər. Demək, etnik toplumun atalardan qalma maddi və mənəvi mirası, vətənpərvərlik duyğusunu meydana gətirir. Millətin varlığında etnik xüsusiyyətin başda gəldiyini söyləyən bu iki filosof (Renan, Yoanne) və iki həm filosof, həm də siyasi xadim (Bauer, Lenin) millət gerçəyini bir həqiqət olaraq qəbul etdikdən sonra öz fəlsəfələrinə görə, nəticəyə varmada bir-birlərindən ayrılırlar. Xüsusilə sosialist Bauer ilə kommunist Lenin bu millət gerçəkliyinin yerinə marksist nəzəriyyəsinə görə proletar qardaşlığı fikri fəlsəfəsini yerləşdirməyə çalışırlar. Onlar deyirlər ki, sinfi mübarizədə siniflərin toplum içində bir-birlərinə olan mənfəət bağlılığı milliyyət bağlılığından üstün sosial bir əlaqə yaradar. Leninin rus inqilabi təcrübəsi, Maonun Çin inqilabı və nəhayət, Yuqoslaviya, Çexoslavakiya, Albaniya, Rumıniya hadisələri marksizmin proletar qardaşlığı nəzəriyyəsinin tamamilə iflas etdiyini və rus kommunist inqilabının rus millətini tarixdə misli görünməmiş rus şovinizminə, rus imperializminə apardığını və Çin kommunist inqilabının da Çini öz geopolitik vəziyyəti istiqamətində imperializmə apardığı artıq izah və açıqlamağa lüzum olmadığı qədər aşkardır. İstər rus, istərsə də rusların əsarəti altında yaşayan millətlərin kommunist ideologiyasına olan inamları sarsılmışiflasa uğramışdır. Dünya cəmiyyətinin fikri qarşısında da vəziyyət belədir. Dünyada kommunist cənnəti yaradacağını vəd edən Leninin məfkurəsi necə ki rusların imperialist əməllərinə xidmət edən və millətləri qarət edən vasitə olmuşdusa, vaxtilə o biri dünyada insanlara cənnət vəd edən həzrəti Məhəmmədin İslam Dini də Əməvilər, Abbasilər zamanında eyni şəkildə ərəblərin imperialist əməllərinə və millətləri qarət etməsinə yaramışdı.

Millət anlamı hər şeydən öncə etnik xalq toplumunun varlığını ifadə etməkdədir.

Azərbaycanda bu etnik xalq toplumu varlığı Türk olaraq mövcuddur və keçmişi də tarixin ən qədim dövrlərinə, bir neçə min illərə qədər uzanmaqdadır.

Vəziyyət belə olduğu halda dövlətlər hüququ yönündən bir dövlətin necə meydana gəlməsi məsələsini araşdıraq. Bu məsələdə dövlətlər hüququnun dünya avtoritetləri başqa-başqa kəlmələrlə həmin eyni şeyi söyləyir. Berlin universiteti professoru fransız Fon List yeni bir dövlətin meydana gəlməsi üçün üç ünsürün varlığı lazımdır deyir:

Xalq Torpaq parçası, ərazi Dövlət hakimiyyəti.

Dövlətin meydana gəlməsi torpaq parçası üzərində yaşayan vətəndaşların iradəsinə bağlıdır.

Əsla və qətiyyən kənar iradəyə yox.

Çar Rusiyasının tanınmış hüquqşünası F.Martens dünya dillərinə çevrilmiş ikicildlik “Dövlətlər hüququ” əsərində deyir:

Müəyyən ərazi üzərində öz hüquqları və mənfəətləri bərabər olan və bir hakimiyyət altında birləşən insanlar ittifaqı, dövlətlər hüququ anlamında Dövlətdir”.

Martens sabiq Roma hüquqşünası və natiq Siseronun dövlət fikrini eynilə təsvir edir. Siseron deyir:

“Dövlət, xalq topluluğunun qarşılıqlı iradə, faydalarla bir-birinə olan bağlılığından və birliyindən doğan yüksək cəmiyyətdir”.

Yuxarıda millət anlamı haqqında daha çox sosialist mütəfəkkirin fikirlərinə yer verdik. Dövlətin məlum olmayan cəhətlərini ən səlahiyyətli və böyük hüquqşünaslardan öyrəndik. Yenə də bu müqayisələrlə Azərbaycan xalqını araşdırmağa başlayaq. Bütün bu araşdırmalardan da anlaşılır ki:

Millətin öz varlığını dərk edə bilməsi üçün iqtisadi varlığın müəyyən səviyyəsinə çatması lazımdır.

Millətin etnik birliyə, kökə əsaslanması lazımdır.

Millət fərdləri arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mənfəət birliyi kimi ünsürlər mövcud olmalıdır.

Beləliklə, milləti təşkil edən xalqın vətəndaşları arasında bir-birlərinə bağlılıq və keçmiş, yüz illərdən əvvəl yaşamış ulularından və atalarından onlara qalan iftixaredici, kədərləndirici xatirələr ümumi anlayış yaratmaqdadır.

Hazırladı – Fuad Kamil oğlu

Mənbə: “Azərbaycan İstiqlal Mübarizəsi Tarixi” – Hüseyn Baykara

İstanbul - 1973


MANŞET XƏBƏRLƏRİ