“MedEra” - Dərdə dərman olmadı, davaya meydan oldu


Xalq artisti Ağadadaş Ağayevin "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülməsi ictimai diqqəti bu özəl klinikanın üzərində cəmləyib.

Mətbuat və cəmiyyət baş vermiş insidentdə "MedEra"nın məsuliyyətinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışır.

"MedEra"nın mühafizəçisi Nurəddin Cəlilovun xalq artisti Ağadadaş Ağayevə münasibətdə ağlasığmaz aqressiya nümayiş etdirməsi ən çox müzakirə olunan məsələlərdəndir.

İstintaq yeni başladığı üçün məlum insidentin hansı səbəbdən yaşandığı hələlik bəlli deyil. Sosial şəbəkələrdə dolaşan video-görüntülərdən çıxan nəticə budur: "MedEra"nın mühafizəçisi Nurəddin Cəlilov 68 yaşlı Xalq artistinə qarşı izahı mümkün olmayan qəddarlıq nümayiş etdirir. O, yerə yıxdığı adamı əvvəl baltanın sapı ilə döyüb, sonra isə təpiklə güclü zərbələrə məruz qoyub.
Ağadadaş Ağayev halsız vəziyyətdə asfaltın üstünə uzanmasına baxmayaraq, "MedEra"nın əməkdaşı yenə ondan əl çəkməyib. Bu görüntülər qaydasız döyüş səhnələrini xatırladır. Amma bir fərqlə: orada idmançı əfv diləyən rəqibini bağışlayır...

Məlum görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri ən çox bu suala cavab axtarırlar: "MedEra"nın mühafizəçisi niyə bu qədər aqressivdir?

"MedEra" öz əməkdaşlarını psixoloji testdən keçirirmi?

Klinika restoran, şadlıq evi deyil. Ora ancaq səhhətində problem olan, yarasını sarıtmaq, sağalmaq istəyən adamlar üz tutur. Xəstəxanaya psixi problemləri olan, narkotika asılılığından əziyyət çəkən, səhhəti üzündən əsəbləri pozulan, hətta affekt vəziyyətinə düşən insanlar da müraciət edə bilər. "MedEra" əməkdaş seçərkən bu amilləri nəzərə alırmı?

Sosial şəbəkələrdə viral olan görüntülər bu suala müsbət cavab verməyin mümkünsüz olduğu deməyə əsas verir.

"MedEra"da baş vermiş biabırçı hadisə hüquq-mühafizə orqanlarının vəzifəsidir. Sözsüz ki, insidentin iştirakçısı olmuş hər bir tərəf qanun qarşısında cavab verəcək. Bəs "MedEra" necə, öz fəaliyyətinə çəki-düzən verəcək?

Bunu zaman göstərək. Hələlik isə görünən odur ki, "MedEra" bu dəfə dərdə dərman olmadı, davaya meydan oldu... (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ