Magistrallarda qəzanı ən çox köhnə sovet maşınları törədir. Elə məhz ölüm hallarının da çoxu məhz bu avtomobillərin qəzası zamanı baş verir.
Ölkəmizdə könhə avtomobillərin utilizasiyası ilə bağlı prosesə başlanılması xəbərini artıq bir müddət əvvəl eşitmişik.
Bəs bu proses hansı qaydalarla davam edir?
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, köhnə sovet avtomobilləri qəzaya düşən zaman xəsarət alma riski, ümumiyyətlə ölüm riski daha çox olur:
“Köhnə Sovetin avtomobilləri utilizasiyaya göndərilməlidir. Bunun üçün də utilizasiya proqramı artıq mövcuddur və könüllüdür. Sadəcə utilizasiya proqramı çərçivəsində sürücüyə verilən məbləğ olduqca aşağıdır. Daha doğrusu bu məbləğ sənət formasında olur. Vətəndaş gedib Azərbaycan istehsalı olan avtomobil almalıdır.
Düşünürəm ki, bu şərtlər də bir qədər qəlizdir və sadələşdirilməlidir.
İlk olaraq verilən məbləğ (1500 manat) bir neçə dəfə artırılmalıdır. İkincisi də utilizasiya avtomobilini vermiş şəxslər üçün kredit şərtləri də sadələşdirilməlidir. Digər bir məqam isə yalnız yerli avtomobil deyil, eyni zamanda, digər xaricdə istehsal olunmuş avtomobillərin alınmasına da icazə verilməlidir”, – deyə ekspert bildirib.
O eyni zamanda qeyd edib ki, daha bir addım da ondan ibarət olmalıdır ki, həmin o köhnə sovet avtomobillərini ölkədən çıxaran şəxslərə də müəyyən subsidiya məbləğlər verilsin. İnsanlar maraqlı olsun ki, həm dövlətdən subsidiya alır, həm də həmin o avtomobili xarici ölkədə satma imkanı qazanır”.