Sığorta nədir və niyə vacibdir? - MÜSAHİBƏ


İlahə Ümidli
Sığorta tədqiqatçısı

“Sığorta ilə düşün, riskin fərqində ol!”

Sual 1: Sığortanı sadə dildə necə izah edərdiniz?

"Sığorta nədir?" – deyəndə, bəzən insanlar elə bilir ki, sığortanı ancaq varlı insanlar edə bilir, onlar etməlidir. Amma əslində sığorta, bir növ ehtiyat çətiridir. Gözlənilməz bir hadisə baş verəndə – qəza, xəstəlik, zərər, ölüm – bu çətir sənə yardım edir.

Deyək ki, hava proqnozunda görürük ki, yağış yağacaq, sən də çətir götürürsən. Ola bilsin, o gün heç yağış yağmasın. Amma yağıb səni isladanda, çətirin olmaması nə deməkdir, onu yalnız islanan adam bilər. Bax, sığorta da həyat üçün çətir kimidir, “ya olar, ya olmaz” demə! Ola bilər ki, olmasın, amma lazım olanda əlinin altında olsun.

Mən sığortanı belə izah edirəm: sığorta, sabah baş verə biləcək bir pis hadisənin ağırlığını bu gündən yüngülləşdirməkdir. Pul ilə deyil, ağıl ilə dəyərləndiriləcək bir şeydir.

Sığorta, həm də gələcəyin naminə bu gün göstərdiyin qayğıdır. Uşaq oxutmaq, ev tikmək, sağlamlıq üçün dua etmək nə qədər vacibdirsə, sığortalanmaq da bir o qədər önəmlidir.

Sual 2: İnsanlar çox vaxt “mənə bir şey olmaz” düşüncəsi ilə sığortadan yayınırlar. Bu yanaşmaya münasibətiniz necədir?

Haqlısınınz “mənə bir şey olmaz” kimi, cümlələr bizə çox tanışdır. Amma biz bilirik ki, həyat bizim qarşımıza bəzən tam əksini çıxarır. Bilirsiz sığorta, “mənə olmaz” demədən, “əgər olarsa” deyə düşünən insanların seçimidir. Biz yağış yağacağını bilmədən çətir götürürüksə, deməli, hər şeyin yolunda getməyəcəyini də nəzərə almağı bacarmalıyıq.

Heç kim sabah başına nə gələcəyini bilmir. Bir yol qəzası saniyələr içində baş verir, bir zərəri bir gecədə yaşayırıq. Həyat gözəldir, həm də gözlənilməzdir. Və məhz bu gözlənilməzliklərlə mübarizə aparmaq üçün sığorta var.

Həmişə deyirəm, “mənə bir şey olmaz” düşüncəsi, öz məsuliyyətini taleyin üstünə atmaqdır. Bəzən də, insanımız elə düşünür ki, əgər sığortalıyamsa deməli mənim həyatımda pis hadisələr baş verməyəcək. Unutmaq olmaz ki, sığorta pis günün qarşısını almaq üçün deyil, pis günün yükünü yüngülləşdirmək üçündür.

Sual 3: Sığorta həyatımızda hansı riskləri azaldır?

Sığorta, gözlənilməz risklərə qarşı qurulmuş qalxan kimidir. Həyat bəzən çox şıltaqdır. Bir anın içində sağlamlıq pozula bilər, evimizdə yanğın çıxa bilər, avtomobilimiz toqquşa bilər, yaxud sevdiyimiz insanı itirə bilərik. Bu kimi risklər bizim cibimizi, ruhumuzu və gələcəyimizi silkələyə bilər. Amma sığorta bu zərbələrin təsirini azaldır, ən azı maddi yük baxımından.

Deyək ki, bir ailə başçısı qəfil dünyasını dəyişdi. O ailənin gəliri birdən-birə dayanacaqmı? Əgər həyat sığortası varsa, yox. O ailə o şəxsin yoxluğunu hiss edər, amma maddi çətinliklərə məhkum olmaz.

Ya da evimizdə su basması oldu. Əgər əmlak sığortalıdırsa, biz bu ziyanı öz cibimizdən deyil, sığorta şirkətinin dəstəyi ilə aradan qaldırarıq.

Yenə qeyd edirəm, sığorta, gələcəyi proqnozlaşdırmaq deyil, gələcəyi qarşılamağa hazır olmaqdır. Sığorta, risk baş verəndə sənə “yalnız deyilsən” deyən sistemdir.

Sual 4: Maddi gəliri az olan insanlar üçün sığortanın faydası nədir?

Maddi gəliri az olan insanların çoxu sığortanı “əlavə xərc” kimi görür, halbuki ən çox onların təhlükəsizliyə ehtiyacı var. Bəzən insanlar deyir: “Onsuz da az pul qazanıram, bir də sığortaya pul ayırım?” Amma əslində elə az gəlirli insanlar üçün sığorta daha böyük əhəmiyyət daşıyır. Çünki sığorta varlının sərvətini yox, kasıbın sabahını qoruyur.

Maddi gəliri az olan bir insan üçün qəfil xəstəlik, qəza, ya da evdə baş verən bir zərər ailənin bütün sistemini alt-üst edə bilər. O zaman bu insan ya borca düşür, ya da ehtiyaclarını qarşılayacaq imkan tapmır.

Amma təsəvvür edin: aylıq bir çörəkpulu qədər vəsaitlə sığortalanırsan və sonra həyat sənə sürpriz edəndə, bu yükü tək çəkmirsən. Pul çox olanda hər şeyə çarə tapmaq asandır, amma pul az olanda sığorta sənin ən böyük dayağın olur.

Sual 5: Azərbaycanda sığortaya yanaşma necədir?

Azərbaycanda sığortaya yanaşma zəifdir, bunu apardığım empirik tədqiqatlara əsaslanıb deyirəm. Burada isə bir çox obyektiv və subyektiv səbəblər vardır. Hələ də çoxları düşünür ki, yalnız avtomobil alanda sığorta bizə lazım olur.

Məncə Azərbaycanda sığortaya münasibəti müsbətə dəyişmək üçün əvvəlcə “sığorta təfəkkürü” formalaşdırmaq lazımdır. Bu təfəkkür tərzini hər evə, hər ürəyə, hər məktəbə çatdırmaq lazımdır ki, yanaşma dəyişsin, sabahlar daha güvənli olsun.

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ