Xarici ölkələrin milyardlar qazandığı kazinolar Azərbaycanda da yaradılmalıdırmı? – ARAŞDIRMA


Bu gün turizm ən gəlirli sahələrdən biridir. Ona görə də bir çox ölkələr daha çox turist cəlb etmək üçün müxtəlif layihələr həyata keçirir.

Onlardan biri də kazino biznesidir. Təsadüfi deyil ki, dünyada çox məşhur olan kazino sənayesi turizm sektorunda ən populyar sahələrdən biridir.

Ən maraqlısı da odur ki, kazino turizmi bir çox insanlar üçün əsas istirahət mənbəyidir. Bu sahə öz iqtisadi əhəmiyyətinə görə turizmin digər istiqamətlərindən qat-qat gəlirlidir. Bir kazinonun günlük qazancı bəzən bir turizm şəhərinin bir aylıq qazancından da artıq olur.

Ölkədən çıxarılan pullar

25 ildən artıqdır ki, ölkəmizdə kazinoların fəaliyyəti dayandırılıb. Amma bu o demək deyil ki, ölkəmizdə heç kim qumar oynamır. Əksinə demək olar ki, hər gün ölkəmizdən qonşu dövlətlərə qumar oynamaq üçün xeyli sayda insan gedir. Bu şəxslər özləri ilə birgə ölkədən xeyli vəsait də aparırlar.

Azərbaycanlı qumar həvəskarlarının əsas üz tutduğu ünvan isə Gürcüstandır. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərinin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür.

Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çox qumar həvəskarlarını onlayn oyunlara sövq edir. Bu isə bir çox hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Məsələnin digər narahatlıq doğuran tərəfi isə bu cür qumar oyunlarından çirkli pulların yuyulması üçün istifadə olunmasıdır.

Azərbaycanda kazinoların yaradılmasının iqtisadi əhəmiyyəti

Qeyd olunan məqamları nəzərə alsaq, görərik ki, kazino sənayesinin yaradılması bir çox aspektlərdən böyük önəm daşıyır. Eyni zamanda Azərbaycanda kazinoların yaradılması da artıq zərurətə çevrilib. Bununla bağlı zaman-zaman Milli Məclisdə də deputatlar tərəfindən təkliflər səslənib.

Belə ki, kazinoların yaradılması ölkəmizdən xaricə çıxarılan vəsaitlərin azalmasına səbəb olacaq, üstəlik iqtisadi inkişafa da təkan verəcək.

Nəzərə alaq ki, kazinoların açılması üçün ölkəmizdə zəruri olan bütün faktorlar mövcuddur. Dəniz, rəngarəng dünya mətbəxi, ləziz yerli yeməklər kazino turizminin əsas seqmentlərindəndir.

Bütün bunları nəzərə alsaq, “Sea Breeze” kazino turizmi üçün unikal imkanlara malikdir.

Belə ki, “Sea Breeze”in hava limanına yaxınlığı, çimərlikdə yerləşməsi və müasir infrastruktura malik olması kazino turizmin inkişafına böyük töhfə verə bilər. Nəticədə həm ölkəmizdən xarici ölkələrin kazinolarına axan milyonlar ölkəmizdə qalar, həm turizm sektoru inkişaf edər, həm də minlərlə yeni iş yerləri yaradılar…

Kazinolar turizmin digər sahələrinə necə təsir edir?

Kazino turizminin üstün cəhəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir. Kazinolar ətrafında sürətlə yeni infrastruktur formalaşır. Bu, digər sahələrə də fayda gətirir.

Kazinoların olduğu yerdə təkcə otellər və restoranlar deyil, digər turistik yerlər də inkişaf edir. Yerli restoranlar kazinodan gələn bir çox xarici qonaqları qarşılayır. Üstəlik, əcnəbilər yerli mətbəxi dadmaq imkanı qazanırlar. Bu, ölkədə turizmin inkişafına daha böyük töhfə verir. Beləcə kazino turizmin digər sahələrinin də inkişafına təkan verir.

Böyük biznes kimi kazinolar müxtəlif sahələrdə minlərlə iş yeri yaradır. Buraya təkcə qumar salonlarında birbaşa işləyən işçilər deyil, həm də otellərdə, restoranlarda, salonlarda çalışan işçilər, həmçinin marketinq mütəxəssisləri və təhlükəsizlik işçiləri daxildir. Regionun iqtisadiyyatı bu iş yerlərindən bəhrələnir, nəticədə gəlirlər artır və sosial infrastruktur yaxşılaşır.

Kazinolarla bağlı dünya təcrübəsi

Bu gün dünyanın müxtəlif ölkələri kazino biznesi hesabına milyardlarla gəlir əldə edirlər. ABŞ, Makao və Avstraliya kimi dövlətlərdə kazino turizmi sürətlə inkişaf edir. Məsələn, təkcə Nevada ştatının Las-Veqas şəhəri 2019-cu ildə 40 milyondan çox turist cəlb edib.

Las-Veqas kazinolarını ən güclü rəqibi isə Çinin dünyanın ən böyük qumar mərkəzlərindən birinə çevrilmiş bölgəsi Makaodur. Lakin Makaodakı şərtlər bir çox çinli kazino həvəskarlarını razı salmadığı üçün onlar son illərdə kütləvi surətdə Avstraliyaya üz tutublar. Təsadüfi deyil ki, son illərdə 1 milyona yaxın çinli qumarbaz Avstraliyaya köçüb.

Həm də kazinolar sayəsində turizm sektorunda bum yaşayan təkcə bu böyük ölkələr deyil. Sinqapur, Filippin, Monako və Kamboca kimi digər ölkələr də kazinolarda oynamaq üçün bu ölkələrə gələn turistlərdən əhəmiyyətli gəlir əldə edirlər.

Las Veqas möcüzəsi

XX əsrin əvvələrinə qədər, Las Veqas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik olub. Las Veqasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayıb.

1931-ci ildə ABŞ qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi. Bu qərardan sonra, Las Veqas mega qumarxana mərkəzinə çevrilməyə başladı.

2024-cü ilin statistikasına görə il ərzində Las Veqasa 41,7 milyon turist gəlib. Təkcə, bu turistlərin hesabına Nevada ştatı 87,7 milyard dollar vəsait əldə edib.

Dünyanın inkişaf etmiş qumar mərkəzləri ilə yanaşı son illərdə qonşu ölkələrdə də kazino sənayesi sürətlə inkişaf edir.

Rusiya

Qumar zonalarının yaradılması son dövrlərdə ruslar üçün prioritetə çevrilib. Kazino turizminə maraq görən ruslar hətta Las Veqas və Makaoya rəqib ola biləcək xüsusi zonalar yaratmağı düşünürlər.

Artıq kazinolar Rusiyada kifayət qədər populyardır. Məsələn, 2023-cü ildə Rusiya qumar zonalarını ümumilikdə 1.530.370 qonaq ziyarət edib.

Üstəlik, son 4 ildə Rusiyada yerləşən Krasnaya Polyana, Sibirskaya Moneta , Tigre de Cristal və SOBRANIE kimi kazinolara gələn qonaqların sayında ciddi artım qeydə alınıb. Belə ki, təkcə 2023-cü ildə Krasnaya Polyana 864 161, Primorye 350 669, Yantarnaya 210 469, Sibirskaya Moneta isə 105 071 qonaq qəbul edib.

Qazaxıstan

Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2023-cü ildə Qazaxıstanda qumar və mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dolları (1,27 trilyon tenge) təşkil edib. Bu, 2022-ci illə müqayisədə 20,7% artım deməkdir. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.

Qazaxıstanda qumar sektorunda təxminən 10,000 nəfər çalışır və bu rəqəmin 2025-ci ilin sonunda 15,000 nəfərə çatacağı proqnozlaşdırılır.

Özbəkistan

Son illərdə kazino sektorunun inkişafı Özbəkistanda da diqqət mərkəzindədir. Belə ki, Özbəkistan 2025-ci ildə qumar oyunları üçün lisenziyalar verməyə başlayıb. Rəsmi məlumata görə, 2023-cü ildə Özbəkistan vətəndaşları onlayn oyunlara təxminən 1 milyard dollar xərcləyiblər. Qeyri-rəsmi hesablamalara görə isə bu rəqəm 7-8 milyard dollardır.

Orta hesabla, bir oyunçu qumara ildə 1000 dollara qədər pul xərcləyir. Bu göstəricilərə əsasən, Özbəkistanda kazinolar leqallaşdırıldıqdan sonra qumar sahəsindən əldə olunan illik gəlirin 2 milyard dollara çatacağı proqnozlaşdırılır.

Gürcüstan

Gürcüstanın iqtisadiyyatı üçün kazino və ümumilikdə qumar biznesi əhəmiyyətli gəlir mənbəyidir. 2021-ci ildə Gürcüstanda beş əsas onlayn kazino ümumilikdə 1,2 milyard lari (təxminən 450 milyon ABŞ dolları) gəlir əldə edib. Bu məbləğin böyük hissəsi “Crystalbet” və “Ajarabet” kimi aparıcı şirkətlərə aiddir.

2021-2022-ci illərdə Gürcüstanda qumar sektorunun dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib.

Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, xüsusilə də Azərbaycandan gəlir. Məlumata görə, Gürcüstan kazinolarında ümumi müştərilərin 20%-i qonşu ölkələrdən olsa da, gəlirin 80%-i məhz bu şəxslərin hesabına əldə olunur.

Kipr

Kipr Milli Qumar Tənzimləmə Təşkilatının məlumatına görə, 2023-cü ildə ölkədə qumar sektorunun ümumi gəliri 1,11 milyard avro (təxminən 1,2 milyard ABŞ dolları) təşkil edib. Bu, 2020-ci illə müqayisədə 79% artım deməkdir.

2018-ci ilin iyun ayından 2024-cü ilin iyul ayına qədər olan dövrdə Kiprin dövlət büdcəsinə kazinolardan 79,5 milyon avro vergi və 31,7 milyon avro lisenziya haqqı toplanıb.

2023-cü ildə isə qumar sektorundan toplanan vergi və lisenziya haqları 27 milyon avro təşkil edib. Ümumilikdə isə qumar sektoru Kiprin ÜDM-nin 3,72%-ni təşkil edir.

Bizim.Media-nın analitik qrupu


MANŞET XƏBƏRLƏRİ