Son günlər açıqlamaları ilə ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) yeni görüntüləri yayılıb. O, tiktokerləri təhqir edib, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin isə ondan beton, armatur istədiyini, verməyəndə efirdən onu söydüyünü deyib.
Sitat: “Bir insan ki, Tiktokla dolanacaq, ondan nə gözləyəcəyik?! Elə adamların danışması qadağan edilməlidir. Sən kimsən ki, haqqımda danışıb, mənə qiymət verəsən?! O məndən beton, armatur, müxtəlif inşaat materialları istəyib, demişəm verməyəcəm, sən danışığını bilmirsən. Ondan sonra başlayıb belə danışmağa”.
Globalinfo.az Hafiz Hacıyevin fikirlərini öyrənib.
O, deyilənlərin yalan olduğunu qeyd edib:
“Şərurlu İsfəndiyar mənə görə səviyyədən kənar adamdır. Hər kəs onun böhtançı olduğunu yaxşı bilir. Hafiz Hacıyev betonu və ya armaturu nə edəsidir?! Mənə tikinti materialı lazım olsa, bazardan alaram. Bir adam ki, bu vaxta kimi məktəb tikmədiyi halda deyirsə, imkanım olsa, məscidləri söküb yerində məktəb tikərdim, ondan nə gözləyəsən axı? Özünün savadı yox, məktəb anlayışından məhrumdur, amma yalandan deyir məktəb tikərdim. Tik də, niyə tikmirsən? Bu, Ramiz Mehtiyevin hesabına gəlib iş adamı olub. Elə Mehdiyevin əli ilə də neçə hektarlarla torpaq zəbt edib. Orda tiksin məktəbləri. Dövlətə də milyonlarla borcu var. Onun haqqında tək mən yox, əksər siyasətçilər fikir bildirdi”.
Hafiz Hacıyev Tiktok-dan pul qazanmadığını bildirib:
“Mən Tiktok-dan istifadə etmirəm. Kimsə mənim görüntülərimi paylaşırsa, o deməkdir ki, ordan pul qazanıram? Ondan müsahibə alan xanıma da iradımı bildirmişəm. Dedim, a bala, onun dediklərindən sonra mənim mövqeyim niyə öyrənilməyib?! Məndə olan məlumata görə, İsfəndiyar Şərurlu arada gəzən bəzi jurnalistlərə pul ödəməyə başlayıb ki, onu düşdüyü vəziyyətdən çıxarsınlar. Bu, açıq-aydın görünür. Bilirsiniz, adam dövlətə milyardlarla ziyan vurub. Hətta onun oğlu haqqında cinayət işi qaldırıldığı deyilir. Belə olduğu halda İsfəndiyar Şərurlu da vəziyyətdən çıxmaq istəyir deyə bizi təhqir edir. Gün gələcək, onun özünü də həbs edəcəklər. Belə adama baş qoşmağa dəyməz”.
Hafiz Hacıyev deyib ki, əgər İsfəndiyar Axundov belə dürüst, vicdanlı adamdırsa, evlərini əllərindən aldığı ziyalıların, kasıbların evini qaytarardı:
“Bir evi beş adama satmaqla, camaatlı aldatmaqla çörək pulu qazanan şəxssən də! Deyir, mənim oğlumun pulu Mübariz Mənsimovun pulundan çoxdur. Adama sual verərlər ki, hardan almısan sən o pulları? Sizin, bizim, başqalarının niyə bu qədər pulu yoxdur? Bu özünü tora salıb, çətin ki, belə savadla o tordan çıxa bilsin. Baxın, 8-ci mikrorayonda tikdiyi evlər artıq çat verib. Əyləşdiyi restoranında da hər gün dava, ölüm hadisələri baş verir. Bundan başqa camaatın cibində 40 manatı yoxdur, bu gedib 4 min manatını reklam edir. İsfəndiyar Şərurlu məsuliyyətə cəlb olunmalıdır. Düşünürəm ki, yaxın günlərdə bu da baş verəcək. Deyir, oğlumu aparmışdılar, 5 milyon pul ödəyib istintaqdan qurtardım. Bunlar araşdırılmalıdır”.
Partiya sədri iş adamını sərt tənqid edib:
“Hafiz Hacıyev haqqında çoxları yalandan danışır, amma çox böyük qələt edir, başını da daşa döyür! Mən ona bir dəfə zəng etmişəm. Ona görə ki, müşavirim Əli bəy ondan Günəşli ərazisindən ev almışdı. Lakin evin sənədini İsfəndiyar Şərurlu vermirdi. Buna görə də zəng edib demişəm ki, adam evin pulunu ödəyib, gətir sənədini ver. Yoxsa ki, armaturu nə edirəm? Bina tikəsi deyiləm, zavod tikmirəm. Kim onun haqqında danışırsa, hamıya böhtan atır. Bu gün siz də onun haqqında xəbər yazsanız, sizə də böhtan atacaq”.