Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, tanınmış publisist və tarixçi, Milli Məclisin Redaksiya və nəşr işləri şöbəsinin Mətbu nəşrlərin təminatı sektorunun müdiri Lətif Şükroğlunu 65 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli Lətif müəllim,
Sizi – vətənə, xalqa və dövlətə xidmət yolunda anlamlı ömür yaşamış, tariximizi, milli kimliyimizi yaşatmaq üçün qəlbi və qələmi ilə çalışmış aydınımızı 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Siz jurnalistika, hərbi xidmət, dövlət qulluğu və elmi araşdırmalarda göstərdiyiniz fədakarlıqlarla xalqımızın milli yaddaşına önəmli töhfələr bəxş etmisiniz. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik sisteminin öyrənilməsi, sərhəd mühafizəsi tariximizin tədqiqi ilə bağlı əsərlərin müəllifi və Qarabağ müharibəsinin canlı şahidi kimi yazdığınız kitablar bu torpağın sədaqətli söz əsgəri olduğunuzu bir daha sübut edir.
Sizin publisistik və elmi fəaliyyətiniz təkcə keçmişin yaddaşı deyil, həm də gələcəyin mayasıdır. Əminəm ki, bundan sonra da istedadınızı və zəngin təcrübənizi dövlətimizə, xalqımıza, mədəniyyətimizə xidmətə yönəltməkdə davam edəcəksiniz.
Sizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram”!
Onu da vurğulayaq ki, ehtiyatda olan polkovnik, fəlsəfə doktoru Lətif Şüküroğlu (Babayev) Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ordu qurucukuğu və sərhəd məsələləri üzrə önəmli araşdırmaları ilə tanınır. O, 200-dən çox publisistik və 30-a yaxın elmi məqalənin, bir sıra dəyərli kitabların müəllifidir. Yubiley ərəfəsində müəllifin Azərbaycanın 1918-1920-ci illər sərhəd məsələləri ilə bağlı yeni kitabı gün üzü görüb.