Azərbaycanda qadınlar dövlət idarəçiliyində müəyyən vəzifələrdə təmsil olunurlar. Amma maraqlıdır ki, son illər hökumətdə qadınlar nazir vəzifəsində təmsil olunmurlar. Nazir müavinləri, ombudsman, millət vəkilləri, agentlik rəhbəri arasında qadınlar olsa da, ən yüksək icraedici vəzifələr, yəni nazir postları uzun müddətdir ki, yalnız kişilər tərəfindən tutulur.
Sonuncu qadın nazir (Natəvan Tofiq qızı Qədimova) Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri idi. O isə 2022-ci ildə vəzifədən azad olunub. Halbuki tariximizdə iz qoymuş, bacarığı və liderliyi ilə fərqlənmiş qadın nazirlərimiz olub: Tahirə Tahirova, Elmira Qafarova, Südabə Həsənova, Lidiya Rəsulova kimi görkəmli simalar vaxtilə ölkənin ən mühüm sahələrinə rəhbərlik ediblər. Bu gün isə qadın nazir təyinatı ümumiyyətlə gündəmdə deyil.
Bu vəziyyət cəmiyyətə haqlı olaraq suallar doğurur: Qadınlara etimad azdırmı? Yoxsa idarəetmə qabiliyyətinə malik qadın kadrlar yetişməyib?
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, bu məsələ həm mətbuatda, həm də görüşlərdə hər dəfə qaldırılır:
“Azərbaycanda çox yüksək intellektli və ali təhsilli qadınlarımız var. Onları bütün nazirliklərə rəhbər vəzifələrə təyin etmək olar. Müdafiə Nazirliyi, DTX, DİN istisna olmaqla. Çünki müharibədən sonra üzləşdiyimiz gerçəklik əvvəlkindən çox fərqlənir.
Novella Cəfəroğlu
Amma digər bütün nazirliklərdə qadınlar rəhbər ola bilərlər və bu, dövlət üçün faydalı olar. Korrupsiyanın qarşısı alınar. Mən demirəm ki, tamamilə yox olacaq, amma qadınlar o qədər də riskə getmirlər.
Bizə deyirlər ki, cəmiyyət qadınların yüksək vəzifələrdə təmsil olunması üçün hazır deyil. Bu, doğru yanaşma sayıla bilməz. Bizim cəmiyyət qadınlara kişilərdən daha çox inanır. Qadın ürəyi hər işi qəlbindən keçirir, hər bir insana öz övladı, qardaşı, atası, anası kimi yanaşır. Üstəlik, cəmiyyət qarşısında məsuliyyəti daha çox hiss edir.
Qısqanclıq məsələsi də var. Qadınlarla işləmək, dil tapmaq bəzən çətin olur, amma qadın öz işinə, dövlətinə ailəsi kimi yanaşır. Ən çətin hallarda qadınlar həmişə ön sırada olurlar. Bu da bəzi kişilərdə qısqanclıq yaradır. Təəssüf ki, nəticədə qadınlar köməkçi rollarda qalırlar. Müavin, şöbə müdiri və sair olurlar. Amma əsas işi elə onlar görürlər. Budur həqiqət”.